“Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu işə başlayıb. “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Forum bir daha ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və Avrasiya məkanında gedən proseslərə təsir imkanlarının getdikcə artmasının daha bir nümayişidir.” .”
Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, mövcud regional, kontinental və qlobal problemlər ətrafında müzakirələrin və məhsuldar fikir mübadilələrinin aparılması üçün son dərəcə əlverişli beynəlxalq iqtisadi-siyasi platforma olaraq Bakı Forumunun əhəmiyyəti ildən ilə artmaqdadır. “Bu il Forumun işinə rekord sayda iştirakçının, 68 ölkədən 400-dən çox qonağın və 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının qatılması da bunu təsdiq edir. Digər tərəfdən isə, bu kimi platformalar üzərindən yeni əməkdaşlıq əlaqələrinin qurulması imkanları həqiqətən də hazırda son dərəcə böyük bir böhran içərisində yaşayan dünyamızın yaranmış vəziyyətdən çıxış yolunu tapmasına təkan ola bilər. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.”
K.Qafarov vurğulayıb ki, bu gün dünyada yaşanan qlobal xarakterli problemlərin böyük əksəriyyətinin əsasında bəzi böyük dövlətlər tərəfindən beynəlxalq hüquq normalarının pozulması və ikili standartların tətbiqi hallarına yol verilməsi faktı durur: “Bu gün biz Cənubi Qafqaz regionunun nümunəsində ikili standartlar siyasətinin necə ağır fəsadlara yol aça biləcəyini açıq-aşkar müşahidə etmək imkanına malikik. İlk növbədə, 30 ilə yaxın müddət ərzində məhz bu riyakar siyasət nəticəsində Azərbaycanın 20% ərazisi işğal altında saxlandı, 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldı. İşğal nəticəsində Azərbaycana vurulan maddi və mənəvi ziyanın məbləği milyardlarla hesablanır. İşğal dövründə bütün Cənubi Qafqaz hər an hərbi əməliyyatların bərpa oluna biləcəyi münaqişə ocağı kimi, böyük risklər altında idi. Bu vəziyyətin uzun illər davam etməsinin yeganə səbəbi isə BMT və ATƏT kimi beynəlxalq təsisatların, ABŞ, Fransa, Rusiya kimi dünyanın aparıcı dövlətlərinin bu münaqişəni həll etməkdə maraqlı olmamaları, beynəlxalq hüququn pozulmasına göz yummaları olub. Buna görə də Azərbaycanın münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində göstərdiyi bütün cəhdləri uğursuz oldu. Yalnız bütün bunlardan sonra ölkəmiz 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı müharibə yolu ilə işğala son qoymaq məcburiyyətində qaldı. Cənab Prezident İlham Əliyevin dediyi kimi, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir.”
K. Qafarov bu il ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətini vurğulayaraq deyib: “Azərbaycanın uğur və qələbələrini həzm edə bilməyən bəzi Qərb ölkələrinin bütün cəhdlərinə baxmayaraq, ölkəmizin beynəlxalq aləmdə nüfuzu, o cümlədən işgüzar nüfuzu getdikcə artmaqda, mövqeləri möhkəmlənməkdədir. Bunun bir bariz nümayişi də ötən ilin sonlarında COP29-un Azərbaycanda keçirilməsinə dair dünya birliyi ölkələri tərəfindən yekdil qərarın qəbul edilməsi oldu. Dövlət başçımızın dediyi kimi, bu hadisə Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı səylərinin qəbul edilməsidir və ölkəmiz ən yaxın gələcəkdə bərpa olunan enerji ixracatçısı kimi də özünü dünyaya tanıdacaq” .