Bakıda 1983-cü il təvəllüdlü Zahid qısqanclıq zəminində mübahisə zamanı keçmiş həyat yoldaşı Ülkərə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
QÜTB.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, Zahid Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək), 177.2.2 (təkrar oğurluq törətmək), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələrinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xəzər Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 19 gününü çəkməkdən şərti olaraq azad edilib.
Zahid məhkumluğu ödənilməmiş yeni cinayət törədib. 2010-cu ildə rəsmi nikah münasibətlərinə daxil olduğu və sonrakı illərdə nikahları pozulmuş keçmiş arvadı, həmçinin xalası qızı Ülkərin mobil telefonundakı votsapda tanımadığı nömrə görüb. O, Ülkərin başqa kişilərlə münasibət qurmasından və ona xəyanət etməsindən şübhələnib. Bunu öz şəxsiyyətinə aşağılayıcı hərəkətlər kimi qiymətləndirib, Ülkəri öldürmək qərarına gəlib və əlverişli məqam axtarıb.
26 iyul 2023-cü ildə səhər saat 7 radələrində o, 2016-cı il təvəllüdlü qızı Pərini görmək məqsədilə Ülkərin yaşadığı evə gəlib. Evin giriş hissəsində dayanmış keçmiş qayınatası Tağı ilə söhbət zamanı orada olan keçmiş qaynanası və xalası Zəminə ilə mübahisə edib.
Zahid Zəminənin kənara çəkilərək mobil telefonla məşğul olduğunu görüb, Daxili İşlər Nazirliyinin “102 xidməti-Zəng Mərkəzi”nə zəng edərək onun barəsində məlumat verəcəyini və qisas planının baş tutmayacağını düşünüb.
Yaranmış əlverişli şəraitdən istifadə edərək Ülkəri öldürmək məqsədilə evə daxil olub və yataq otağına keçib. Orada Ülkərə ardıcıl zərbələr endirib.
Həmin vaxt Zahidin arxasıyca otağa daxil olan qayınatası və qayınanası ona mane olublar, Ülkəri xəstəxanaya çatdırıblar. Vaxtında ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən Ülkərin həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Zahidin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
“Psixi xəstəliyim olmayıb”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1983-cü ildə Qubadlı rayonunun kəndində anadan olub, 1993-cü ildən etibarən Bakı şəhərində məcburi köçkün kimi məskunlaşıb:
“Qubadlı rayon 2 nömrəli tam orta məktəbdə təhsil almışam. Hər hansı psixi xəstəliyim olmayıb. Həbs olunana qədər ara-sıra narkotik vasitə olan "kakos"u ineksiya yolu ilə qəbul etmişəm. 2008-ci ildə xalam qızı Ülkərlə ailə həyatı qurmuşam. Rəsmi nikaha 2010-cu ildə daxil olmuşuq. Birgə nikahımızdan isə iki övladımız var.
2019-cu ildə oğurluq əməlinə görə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişəm. 2023-cü ildə isə Xəzər Rayon Məhkəməsinin qərarına əsasın vaxtından əvvəl həbsdən azad olunmuşam”.
“Nömrədən şübhələndim, onu kağıza yazdım”
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Ülkərlə ailə həyatları normal keçib, aralarında sözlü mübahisələrdən başqa heç nə baş verməyib: “Mən 2019-cu ildə həbs edildim, 2023-cü ildə həbsdən azad olunduqdan sonra evə qayıtdım. Evdə gecə saatlarında Ülkərin mobil telefonuna mesaj gəldi. Ondan mesajı göndərənin kim olması ilə maraqlandım, mənə qızlar qrupu olduğunu bildirdi. Ülkərə telefonunda artıq kim varsa hamısını silməsini tapşırdım. O isə sabah siləcəyini söylədi.
Səhəri gün Ülkər işə getdi. Saat 16 radələrində işdən qayıtdıqdan sonra arxa otaqda oturdu. Saat təxminən 21 radələrində Ülkərdən telefonunda olan artıq adamları silib-silmədiyini soruşdum. O, vaxtı olmadığını və bu səbəbdən heç kəsi silmədiyini bildirdi.
Ülkərdən telefonu alıb kiliddən çıxardım. Votsapın ani yazışma proqram tətbiqinə girdim. Ülkər orada adsız bir nömrə olduğunu, onun uşağın hazırlıq yoldaşının valideyni olduğunu söylədi. Həmin profilə baxdıqda şəkildə bir kişi və uşağın olduğunu gördüm. Bundan şübhələnib, nömrəni kağıza yazdım”.
“Görüşdüyünü bildirdi”
Zahidin sözlərinə görə, həmin nömrəyə zəng edəcəyini Ülkərə bildirib: “Bundan Ülkər tələşlanıb, müxtəlif bəhanələr gətirməyə başladı. Mən daha da təkid etdikdə nömrənin sahibinin adının Elçin olduğunu, qeyri-rəsmi münasibət saxladığını və onunla telefon vasitəsi ilə danışaraq görüşdüyünü bildirdi. Bu söhbətlərdən sonra Ülkəri öldürəcəyimi bildirdim. O, artıq hər şeyə razı şəkildə oturaraq ölümünü gözlədi.
Lakin evdə çox adam olduğu üçün hamının getməsini gözlədim. Evimizə Ülkərin bacısı Aydan, sonradan ianası Zəminə gəldi. Mənim narkoman olduğumu, qızlarına şər atdığını bildirdilər, Ülkəri götürərək evlərinə getdilər. Bir müddət sonra danışmaq istəsəm də, mənimlə görüşmədilər.
Onda uşaqları tələb etməyə başladım. Ülkərin bacısı və anası bizim boşanmağımizi istədilər, məhkəmə nə qərar verərsə, ona tabe olacaqlarını bildirdilər. Mən onlarla razılaşmadım”.
“Qızımı məndən gizlətdilər”
Zahid qeyd edib ki, daha sonra Ülkər boşanmaq məqsədilə məhkəməyə müraciət edib:
“Mən məhkəmədə yalnız bir dəfə iştirak etdim, ərizə yazıb məhkəmənin mənsiz keçirilməsini istədim. Qubadlı Rayon Məhkəməsinin qərarı ilə boşandıq, uşaqların Ülkərdə qalmasına qərar verildi. Lakin boşanmadan sonra oğlum, demək olar ki, mənim yanımda qalırdı.
Son günlər Ülkər və ailəsi qızımı mənə göstərmədikləri üçün bezdim.
Hadisə günü saat təxminən 7 radələrində Ülkərin atası evinə getdim. Məqsədim qızımı görmək və imkan olarsa onu evimə gətirmək idi. Mən qapıda qayınatam qarşılaşdı, ondan qızımı çağırmasını istədim. Qayınatam səhəri gün saat 10-da gəlməli olduğumu bildirdi”.
“Məni təhqir etdi”
Zahidin ifadəsinə görə, qayınatası ilə evin qarşısında oturaraq uşağın yuxudan durmasını gözləməyə başlayıb:
“Təxminən 30 dəqiqə sonra qaynanam, yəni xalam əlində taxta parçası üzərimə gəldi. Məni vurmaq istədikdə taxtadan tutdum. Xalam məni təhqir etdi. Mən də ona qızımı görmədən getməyəcəyimi bildirdim. Mübahisə baş verdi, sonra sakitləşdik.
Zəminə xalam çantasını götürüb evdən getməyə başladı. Qayınatamla mən yenə də evin qarşısında oturduq. Bu vaxt təxminən 10 metr məsafədə Zəminənin telefonla məşğul olduğunu gördüm. Onun “102”yə zəng edərək barəmdə məlumat verəcəyini düşündüm. Polislərin gələrək məni həbs edəcəyini və Ülkərin mənə qarşı etdiklərinin cavabını verə bilməyəcəyimi düşündüm.
Üzərimdə gəzdirdiyim bıçağı belimdən çıxarıbevə girdim. Ülkərlə qızım yataq otağında oturmuşdular. Bıçaqla birinci Ülkərin qarnına zərbə vurdum. Əyildikdə 2-ci zərbəni kürək nahiyəsinə vurdum”.
“Arvadımın ölmədiyini bildim”
Zahid qeyd edib ki, onun arxasınca qayınatası Tağı əlində balta içəri daxil olub: “Ülkəri vurmamağı, yoxsa məni baltalayacağını bildirdi. Mən Tağıya baxanda Ülkər otaqdan qaçdı. Onun arxasınca getmək istədim. Artıq otağa qaynanam Zəminə də daxil olmuşdu, hər ikisi məni tutaraq saxladılar.
Qaynanam məni buraxıb Ülkərin arxasınca getdi. Tağının əlindən çıxdım, qapının qarşısında hamını yığışaraq məni tutacağını düşündüm. Evin kənarında olan birmərtəbəli obyektin üstünə tullandım və oradan qaçdım.
Qaçarkən əlimdəki bıçağı xatırlamadığım yerdə atdım. Bir gün sonra isə arvadım Ülkərin ölmədiyini bildim”.
“Məni daima hədələyirdi”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ülkərin sözlərinə görə, ailəli olduqları müddətdə Zahid rəsmən işləməyib, ara-sıra fərdi qaydada günəmuzd fəhlə və digər işlərdə çalışıb: “Demək olar ki, ailənin saxlanılmasına maddi köməklik göstərmirdi. Ara-sıra narkotik vasitələrdən istifadə edirdi.
Evliliyimizin ilk illərində münasibətlərimiz yaxşı olsa da, sonradan ailədaxili mübahisələr başladı. Lakin çox gərginlik olmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməmişəm.
Zahid 2019-cu ildə törətdiyi oğurluq cinayət əməlinə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. 2023-cü ildə isə cəzasının bitməsinə təxminən 1 ay qalmış vaxtından əvvəl həbsdən azad olundu. Həbsdə olduğu müddətdə telefonla danışaraq əlaqə saxlayırdıq.
Narkotik aludəçisi kimi həbsdən çıxan kimi məndən pul istəyib narkotik almasından bezdim.
Həbsdən sonra əsassız qısqanclıq səbəbindən məni daim hədələyirdi. Mobil telefonumu mütəmadi yoxlayırdı”.
“Məni biabır etməməsini xahiş elədim”
Zərərçəkmiş qeyd edib ki, həbsdən çıxdıqdan təxminən 2-3 gün sonra Zahid mobil telefonunu yoxlayıb: “O ərəfədə telefonumda adı qeyd edilməmiş bir mobil nömrə vardı. Nömrənin sahibi keçmiş iş yoldaşım Elçin idi.
Mən 2019-2022-ci illər ərzində Sumqayıt şəhərindən Etilen-Poletilen Zavodunda xadimə işləyirdim. Zavodun mühəndisin Elçinlə iş yoldaşı kimi dostluq münasibətlərim vardı. Onun mobil nömrəsi mobil telefonumda qalmışdı.
Zahid nömrə sahibi ilə maraqlandı. Ona nömrənin sahibinin kimliyini dedim. Zahid mənə inanmadı, Elçinə zəng edəcəyini söylədi. Ondan məni biabır etməməsini və zəng vurmamasını xahiş etdim”.
“Mənim əxlaqsız olduğumu bildirdi”
Ülkərin ifadəsinə görə, daha sonra evdə Zahidlə mübahisəsi baş verib: “Zahid mənim ona xəyanət etdiyimi, otellərə getdiyimi bildirdi. Bunlara etiraz etdim, heç bir zaman xəyanət etmədiyimi, iddialarının əsasız olduğunu söylədim.
Zahid evdə qonaqların olduğunu, mənimlə axşam söhbət edəcəyini dedi, məni ölümlə hədələdi. Zahidin narkotik aludəçisi olduğunu və həbsdə yatdığını bildiyim üçün çox qorxdum. Bu barədə anama məlumat verdim. Anam bacımı bizə göndərdi.
Bacım gəldikdən sonra evdə münaqişə başladı, Zahid bacımın yanında mənim xəyanət etdiyimi, əxlaqsız olduğumu, eləcə də, narkotik aludəçisi olduğunu bütün ailə üzvlərimə söylədiyini bildirdi. Bıçaqla üstümə gələrək məni öldürəcəyini söylədi. Bıçağı boğazıma dayayaraq “ölüdürəcəm səni” dedi. Bacım araya girərək Zahidi saxladı, bıçağı onun əlindən aldı.
Bacım anama zəng etdi. Anam gəlib məni aparacağını söylədi. Zahid ona “Ülkər bura ağ gəlinliklə gəlib, burdan çıxsa, ağ kəfənlə çıxacaq”dedi.
Anam Zahidin əlindən xəta çıxacağını anladı və bacımla məni öz evinə apardı. Bundan sonra atamın evində yaşamağa başladım”.
“Ya barışacağıq, ya da öləcəksən”
Ülkər bildirib ki, 2023-cü ilin təxminən aprel ayında boşanmaq üçün məhkəməyə müraciət edib, məhkəmə zamanı Zahid hər hansı problem çıxartmayıb:
“Qubadlı Rayon Məhkəməsinin qərarı ilə rəsmən boşandıq. Zahid uşaqların məndə qalması ilə könüllü razılaşdı. Mən uşaqların atası ilə görüşməsinə məhdudiyyət qoymadım. Hətta oğlum bir neçə həftə atası ilə qaldı.
Zahidin evindən atam evinə köçdükdən sonra onun məni öldürəcəyini bilirdim və bundan çox qorxurdum. O, gec-tez məni öldürəcəyini söyləmişdi. Hadisədən bir həftə öncə Zahid mənə “ya barışacağıq, ya da öləcəksən” dedi.
Zahidin təhdidlərinə və məni öldürməklə hədələmələrinə baxmayaraq onunla barışmadım”.
“Şok vəziyyətində olmuşam”
Ülkər qeyd edib ki, hadisə günü təxminən səhər saat 7 radələrində yaşadığı evin yataq otağında olarkən Zahidin səsini eşidıb: “Mən otaqdan çıxmadım. Zahid çöldə atamla söhbət edərək qızımı birdəfəlik aparmaq niyyətində olduğunu söylədi. Həyətdən səs-küy gəlsə də, olduğum yerdən tərpənmədim.
Təxminən 1-2 dəqiqə sonra Zahid əlində bıçaq içəri girdi. Aqressiv şəkildə üzərimə cumdu, qarnımın sol nahiyəsinə bıçaqla 2 zərbə vurdu. Zərbələrin təsirindən yerə əyildim, Zahid kürək nahiyəmdən daha 2 biçaq vurdu. Xatırladığım qədəri ilə mənə 5 biçaq zərbəsi vura bildi. Şok vəziyyətindəydim.
Zahid məni biçaqlayanda qızım da yataq otağında idi. O, möhkəm qışqırmağa başladı. Atam və anam da yataq otağına girdi. Onlar Zahidi tutmaq istəyəndə qızımı orada qoyub evdən qaçdım, əmimgilə getdim. Əmimgilin evi bizim qonşuluğumızda idi.
Əmim oğlu Musa məni görərək təcili xəstəxanaya apardı. Ondan sonra baş verənlər barədə hər hansı məlumatım olmadı”.
“Niyyəti məni öldürmək olub”
Ülkərin sözlərinə görə, Zahidin dedikləri tamamilə yalandır, ailəli olduqları müddətdə heç bir zaman ona xəyanət etməyib: “Sadəcə Zahid öz narkotik aludəçiliyini gizlətmək üçün mənə hər zaman şər-böhtan atıb. Onun niyyəti məni öldürmək idi. Həbsdən azadlığa çıxdıqdan sonra daim əsassız qısqanclıq edir, guya mənim ona xəyanət etdiyimi bildirirdi. Ölümlə hədələyir, gec-tez məni öldürəcəyini söyləyirdi.
Ayrılıb ata evinə köçdükdən sonra belə həmişəki qaydada məni ölümlə təhdid edirdi. Zahidin məni öldürmək istədiyini ailə üzvlərim də bilirdi”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin vəfat etməsi ilə bağlı ittihamedici hökm çıxarmayıb.
Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxansından Bakı Ağır Cinayətələr mhəkəməsinə daxil olmuş məktubdan görünür ki, Zahid Penitensiar Xidmətinin Müalicə Müəssisində vəfat edib.
Müalicə Müəssisəsinin tibb xidmətindən daxil olmuş tibbi arayışdan görünür ki, Zahid 24 yanvar 2024-cü ildə təcili qaydada 3 saylı istintaq təcridxanasından ağır vəziyyətdə “İİV infeksiyası İ klinik mərhələ” diaqnozu ilə müalicə müəssisəsinə köçürülüb, anesteziologiya və untensiv terapiya şöbəsinə yerləşdirilib. O, kliniki, laborator, instrumental müayinələrdən keçirilib, həkimlər tərəfindən konsultasiya edilib.
Aparılan müalicə tədbirlərinə baxmayaraq xəstənin vəziyyəti proqressiv olaraq ağırlaşıb, o, vəfat edib.
Zahidin meyiti Bakı şəhəri Məhkəmə Tibbi Ekspertizası və Anatomiya Birliyinin Nizami Rayon şöbəsinə göndərilib. Rəydən görünür ki, Zahidin bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməyib.
Məhkəmənin hökmü ilə Zahid Cinayət Məcəlləsinin 29,120.2.4-ci maddəsi ilə təqsirli bilinib və barəsində olan cinayət təqibinə onun ölməsi ilə əlaqədar, yəni Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsində göstərilən əsaslarla xitam verilib.