Gürcüstan parlamentinin binasında ölkənin altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib.
QÜTB.AZ xəbər verir ki, o, andını bu gün üçün xüsusi çap edilmiş Gürcüstan Konstitusiyası nüsxəsi üzərində söyləyib:
"Mən, Gürcüstan Prezidenti, Allah və xalq qarşısında Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini qoruyacağıma, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyimə, ölkəmin vətəndaşlarının təhlükəsizliyi və rifahının, xalqımın və Vətənimin dirçəlişi və qüdrətinin qayğısına qalacağıma and içirəm".
Andiçmə mərasimində parlament deputatları, yerli özünüidarəetmə orqanlarının, həmçinin Acarıstan və Abxaziya Ali şuralarının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının nümayəndələrinin daxil olduğu Seçkilər Kollegiyasının üzvləri iştirak ediblər.