Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.
Bu barədə QÜTB.AZ-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə general-mayor K.Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə gül qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.
General-mayor K.Seyidov səfər çərçivəsində ordu generalı S.Bayraktaroğlu ilə görüşüb. Görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin və birgə taktiki-xüsusi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.