“Səhiyyə Nazirliyinin tabeliyində olan bəzi - 5-ə yaxın - müəssisə var ki, burada çalışan mütəxəssislər yalnız vahid tarif cədvəlinə əsasən maaş alırlar. Məsələn, Respublika QİÇS-lə Mübarizə Mərkəzində çalışan bir viroloq həkim 550-700 manat alırsa, eyni sahədə TƏBİB-in müəssisəsində çalışan həkim 1000-1500 manat alır. Bu isə qeyri-bərabərliyə və kadr çatışmazlığına səbəb olur”.
Qutb.az xəbər verir ki, bu fikirləri deputat Pərvanə Vəliyeva bir neçə komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
“Xüsusilə psixiatriya, narkologiya, məhkəmə-tibbi ekspertiza sahəsində çalışan mütəxəssislər yalnız bu cədvələ əsasən maaş alırlar. Halbuki, ölkə başçısının müvafiq sərəncamı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 2020–2030-cu illər üzrə dövlət proqramı qəbul edilib. Bu proqramda da narkoloqların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi əsas məqsədlərdəndir. Düşünürəm ki, bu proqram nəzərə alınaraq həmin sahələrdə çalışan mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi üçün də tədbirlər görülə bilər” – deyə deputat vurğulayıb.