Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Nazir vəzifəsinin icrası Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
Publika.az xəbər verir ki, A.Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub.
O, hüquqşünas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb.
1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib.
1986-cı ildə prokurorluq orqanlarına keçirilib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb.
2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviridir.