Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, partiyanız növbədənkənar seçkilərdə iştirakı haqqında qərar qəbul etdi. Seçkilərdən gözləntiləriniz nədir?
- Bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Milli Məclisə keçiriləcək ilk seçkilər olacaq, ona görə çox əlamətdardır. Seçkilərdə heç bir müxalifət partiyasının qalib gəlmək şansı yoxdur. Çalışacağıq ki, parlamentdə yerlərimizin sayını artıraq. Parlamentdə müxaifət fraksiyasının yaranması üçün başqa partiyalarla danışıqlar aparacağıq. Ümid edirəm, xalqımız partiyamızın və deputat kimi mənim fəaliyyətimi qiymətləndirəcək və yenidən etimad göstərəcək. Amma onun da fərqindəyəm ki, yüksək çinli və təkəbbürlü məmurlar seçkilərin gedişinə və nəticələrinə təsir göstərməyə çalışacaqlar ki, biz Milli Məclisə düşməyək. Çünki həm xaricdə, həm daxildə bizim fəaliyyətimizdən narazı güclü dairələr var. Biz şəxsi maraqlarımıza uyğun olmasa da milli mənafelər naminə ölkənin inkişafını ləngidən “tabu” sayılacaq problemlərdən, onların həlli yollarından danışmışıq. İstəmişik ki, vətəndaşlarımız siyasi baxımdan yetkin olsunlar. Bilirik ki, daxildə bəzi məmurlar tənqiddən nəticə çıxarıb işlərini daha yaxşı qurmaq əvəzinə, ondan narazıdırlar ki, Prezident onların peşəkarlığına və dürrstlüyünə şübhə ilə yanaşa bilər.
Milli Məclisdə konstruktiv müxalifətin, ciddi məsələlərlə bağlı alternativ ideyaların və tənqidi fikrin olmaması çox üzücü olardı, bizdən daha çox iqtidarın və dövlətimizin böyük uğursuzluğu sayılardı.
- Qüdrət bəy, Xəzərdə süni yarımada yaratmaq istiqamətində fəaliyyətinə görə Rusiyalı iş adamı Emin Ağalarov ciddi ittihamlarla üz-üzədir. Sanki dövlətimizə qarşı ağır cinayət törədib. Bu barədə də fikrinizi bilmək maraqlı olardı.
- Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə görə ölkəmizdə hər kəs azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Əvvəllər Qaradağ royonu ərazisində başqa iş adamı da Xəzərdə süni torpaq sahəsi yaratmışdı. İndi isə iqtidar bu fəaliyyətin qanunvericilik qaydasında tənzimlənməsi üçün qanun qəbul edilməsini zəruri hesab edib və mən də bəzi təkliflərim qəbul olunmasa da həmin qanunu dəstəkləmişəm. Qanun aprel ayının əvvəlində müzakirəyə çıxarılıb, Emin Ağalarovun əleyhinə kampaniyaya isə xaricdən indi göstəriş verilib. Ona hücumlar Rusiyalı iş adamı olması və Prezidentlə qohumluq əlaqələrinə görədir. Hər kəs sevinməlidir ki, iqtisadiyyatımıza böyük ölçüdə investisiya qoyulur. Orda minlərlə soydaşımız müvəqqəti və daimi işlə təmin olunub, büdcəyə xeyli miqdarda vergi ödənilir, Xəzərin sahilində xarici turistləri də cəlb edəcək gözəl bir layihə gerçəkləşdirilir. Mən çox istərdim ki, Prezident onu, bacarıqlı iş adamı kimi ölkəmizdə biznes mühitini yaxşılaşdırmaq naminə ictimai əsaslarla özünə müşavir təyin etsin (əgər o bunu qəbul etsə) və məsləhətlərindən faydalansın.