Sakit okeanda Çin və Tayvan arasında gərginlik artmağa davam edir. Tayvan, Sakit Okean ada dövləti Naurunun Tayvanla diplomatik əlaqələrini kəsməsində Çini günahlandırıb.
Publika.az xəbər verir ki, Tayvanın xarici işlər nazirinin müavini Tien Çunq-kvanq fövqəladə mətbuat konfransında Naurunun Çin Xalq Respublikasını Çinin yeganə qanuni nümayəndəsi kimi tanıması ilə bağlı dəyərləndirmə edib.
Tien bəyan edib ki, qərardan sonra Tayvan Nauru ilə diplomatik əlaqələri kəsəcək, texniki heyətini geri çəkəcək, ikitərəfli əməkdaşlıq planlarına son qoyacaq və Naurudan Tayvandakı səfirliyini sonlandırmağını xahiş edəcək.
Diplomatik əlaqələri kəsməzdən əvvəl Naurunun Tayvandan böyük məbləğdə iqtisadi yardım istədiyini, lakin bunu rədd etdiklərini iddia edən Tien, qərarın Çin tərəfinin verdiyi maliyyə faydaları ilə əlaqəli olduğunu eyham edib.
Naurunun münasibətləri kəsməsi nəticəsində Tayvanı diplomatik şəkildə tanımağa davam edən Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin sayı 11-ə düşüb.
“Vahid Çin” prinsipini vurğulayan Pekin administrasiyası Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında (BMT) və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan ölkələrdən Tayvanla diplomatik əlaqələri kəsməyi tələb edir.
Qeyd edək ki, Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Vətəndaş müharibəsindən sonra Çin və Tayvan arasında yaranan suverenlik mübahisəsi hələ də davam edir.
Roza Şəfiyeva