Sabah bəzi rayonlarda qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bu barədə QÜTB.AZ "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Nərimanov və Suraxanı rayonlarında qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Abşeron rayonunda "Masazır" yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttinin quraşdırılması, Balakən rayonu ərazisində qaz xətlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və "Tərtər" ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə dekabrın 11-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatının dayandırıldığı müddətdə paytaxtın Nərimanov rayonu üzrə İ.Hidayətzadə, A.Heydərov, Mayakovski, M.Nağıyev və Y.Nəsirov küçələrində, Suraxanı rayonu üzrə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, Abşeron rayonu üzrə Masazır qəsəbəsinin yeni yaşayış sahəsində və Xırdalan şəhərindəki AAF Park Yaşayış Kompleksində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Regionlar üzrə Balakən rayonunun (Balakən şəhəri, 1 qəsəbə və 26 kənd), Tərtər rayonunun (23 kənd) və Bərdə rayonunun (9 kənd) bir hissəsində də qaz təchizatında müvəqqəti fasilə olacaq.