Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa gözlənilən səfəri zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır.
Publika.az “Hürriyyət”ə istinadən xəbər verir ki, ən mühüm razılaşmalar Şimali İraqın terrorçu PKK-dan təmizlənməsi üzrə birgə səylərə aid olacaq.
Bağdad və Ərbildə aparılan danışıqlarda İraq Kürdüstanında terrorizmlə mübarizə üzrə birgə Əməliyyat Mərkəzinin strukturu və fəaliyyət göstərməsi, İraqın şimalında 30-40 km dərinliyə qədər daimi türk bazalarının yaradılması və PKK-nın əsas bazalarının yerləşdiyi Xakurk, Metin, Zap və Qara rayonlarında təhlükəsizlik zonalarının yaradılması da müzakirə olunacaq.