ABŞ Prezidenti Co Bayden Amerika dövlətinin başçısı kimi fəaliyyətinin qalan aylarında Ukraynanı dəstəkləməyə diqqət ayırmağı planlaşdırır.
QÜTB.AZ "Bloomberg"ə istinadla xəbər verir ki, bunu Kiyevdə keçirilən forumda videokonfrans vasitəsilə çıxış edən Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz Ukraynanı dəstəkləmək üçün gələn bu günlərin hər birini qiymətləndirəcəyik”, - o qeyd edib.
Sallivan əlavə edib ki, Amerika lideri BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş keçirəcək.
Amerika rəsmisinin sözlərinə görə, ABŞ-ın vəzifəsi danışıqlarda öz mövqeyini gücləndirmək üçün Ukraynanı döyüş meydanında daha əlverişli mövqeyə qoymaqdır.
Baydenin köməkçisi, digər məsələlərlə yanaşı, ABŞ-ın Kiyev üçün yeni əhəmiyyətli hərbi yardım paketi hazırladığını bildirib.
Bundan əvvəl Zelenski Baydenə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını təqdim edəcəyini bildirmişdi. Ukrayna Prezidenti qeyd edib ki, bu planının münaqişəni dayandırmağa kömək edəcəyinə zəmanət vermir, lakin o, Rusiya Prezidenti Vladimir Putini döyüşləri necə dayandırmaq barədə düşünməyə sövq etmək üçün Ukraynanı güclü etmək istəyir.
Hüseyn İbadlı