Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Ukraynanın NATO-ya daxil olması üçün ABŞ prezidenti Co Baydenə hesabat hazırladığı iddia edilib. Məlumata görə, NATO Ukrayna ərazisinə qoşun yeridərək müharibənin bitməsi variantını nəzərdən keçirə bilər. ABŞ Müdafiə Nazirliyi isə bu təklifə qəti şəkildə qarşı çıxır. Hesabatda Türkiyə ilə bağlı nüanslar da var.
Publika.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin mənbələrindən əldə edilən məlumata görə, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin Ukrayna ilə bağlı ziddiyyətli fikirləri var. Ən çox ehtimal olunan ssenari atəşkəsin imzalanmasıdır. Daha sonra NATO qoşunlarını “xarici ölkəyə dəstək” adı altında Ukraynaya göndərib, müharibəni yekunlaşdırmaq istəyir.
“MKİ və Pentaqon arasında gərginlik”
RAND-ın kəşfiyyat mənbələrinə əsaslanan təhlil məqaləsindəki məlumata görə, kəşfiyyatçılar “körpü planı” hazırlayır. Əldə edilən məlumata görə, Müdafiə Nazirliyinin (Pentaqon) planlaşdırıcıları vurğulayırlar ki, Ukraynanın hərbi ittifaqa daxil edilməsi çox riskli və bahalı təşəbbüsdür, lakin buna nail olunarsa, böyük strateji uğur sayılacaq.
“Əsas danışıqlarda Türkiyə iddiası”
Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı hesabatda diqqət çəkən digər məqam Türkiyə ilə bağlıdır. Sözügedən hesabatda NATO dəniz qüvvələrini Qara dənizə köçürmək istdəyi qeyd edilib. Buna görə də Türkiyəni razı salmaq üçün danışıqlar aparılmalıdır. Bu danışıqların hesabatda yer aldığı iddia edilir.
“Həll Aİ deyil, NATO-dur"
Təhlildə Pentaqonun “müharibə şəraitində olan ölkə NATO-ya daxil edilməməlidir” xəbərdarlığına diqqət edilir. Mərkəzi Kəşfiyyat İdarəsinin planlaşdırıcıları həmçinin deyirlər ki, Ukraynaya silah və maliyyə yardımı göstərmək uzunmüddətli perspektivdə nəticə verməyəcək. Bu iddiaya səbəb Ukraynanın nüvə silahının olmamasıdır. Həmçinin bildirilir ki, Ukraynanın Avropa İttifaqına qəbul edilməsi və İttifaqın 42-ci maddəsinə uyğun olaraq qarşılıqlı yardımın göstərilməsi Rusiyanı dayandıra bilməz.
“NATO Ukraynaya qoşun yerləşdirir”
Mərkəzi Kəşfiyyat İdarəsinin təklif edəcəyi başqa bir variant da var. Kiyevi alyansa üzv etmədən, NATO tərəfindən “xarici ölkəyə dəstək” statusu altında ərazi bütövlüyünə zəmanət verilməklə Ukrayna ərazisində beynəlxalq NATO qoşunlarının yerləşdirilməsidir. Pentaqonun "fait accompli" adlandırdığı və qəti şəkildə qarşı çıxdığı bu təklifin Bayden hökuməti tərəfindən hərtərəfli qiymətləndirildiyi də bildirilir. Bu üsulun İkinci Dünya Müharibəsindən sonra Qərbi Almaniyada da tətbiq edildiyi və ölkənin Sovet İttifaqının hücumuna məruz qalmadan NATO-ya daxil edildiyi də qeyd edilir. Bu məsələ ilə MKİ-nin məşğul olacağı vurğulanır. Təhlil məqaləsində hökumətdə Pentaqonun NATO-nun müharibəyə cəlb edilməsinə qarşı çıxmasının üstünlük təşkil etdiyi barədə məlumatlar da yer alır.
Aysel Şahmar