Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyulun 5-də Oğuz Elektrik Şəbəkəsinin inzibati binasında Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Oğuz rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınaraq və aidiyyəti şöbələrin icraatına göndərilib.
Oğuzun Muxas kəndində də yerli sakinlərlə görüş keçirilib. Kənd sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işlərinə, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.