31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Azərbaycanı gözləyən böyük təhlükə: Susuz qala bilərik

23 noy 2024 12:00
GÜNDƏM
ads

Qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində su qıtlığı problemi Bakıda keçirilən COP29-un da əsas müzakirə mövzularından biridir. Azərbaycan diqqəti şirin su ehtiyatlarının azalmasına yönəltmək, bu istiqamətdə səyləri birləşdirmək üçün bütün ölkələrini ilk Su Bəyannaməsinə qoşulmağa çağırıb. Bu məqsədlə COP29 çərçivəsində “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” adlı tədbirdə İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib. Tədbir çərçivəsində ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolunu imzalayıblar. Qeyd edilib ki, niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.

Qeyd edək ki, Azərbaycanda il ərzində suvarılan torpaqlar 1,02 milyon, suvarılabilən ərazilər isə 1,54 milyon hektardır. Bu rəqəmlər “Su təhlükəsizliyi problemlərinin həlli üçün səmərəli su sektoru institutlarına və proqramlarına keçid” adlı hesabatda əksini tapıb. Azərbaycanda suvarma səmərəliliyinin ən yüksək göstəriciləri Mil-Muğan, Naxçıvan və Şirvan-Salyan iqtisadi rayonlarında qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə qəbul edilmiş suyun ümumi həcmi orta hesabla 7 milyard 30 milyon kubmetr təşkil edib ki, bu da potensial olaraq ölkə səviyyəsində təxminən 67 faiz ümumi su itkisini göstərir.

Bəs bu problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var? Qurumlar bu barədə nə düşünür?

Vahid idarəetmənin vacibliyi

Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfovun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində ən problemli sahələrindən biri də suvarmadır: “Ən böyük problem isə vahid idarəçiliyin olmamasıdır”.

Ş.Nəcəfovun fikrincə, əlimizdə olan sahələri hələ tam suvara bilmirik. Lakin hər il əkin sahələri daha da artır. Bu, su çatışmazlığını yaradan əsas səbəblərdəndir: “Mövcud əkin sahələri davamlı suvarılma potensialına sahib deyil. Davamlı suvarılmada əkinçi istədiyi vaxt sahəsini sulamalıdır. Yağışlar bol olanda birtəhər idarə edə bilirlər. Amma quraqlıq olduqda məhsuldarlıq xeyli aşağı düşür. Bununla belə, örüş sahələri əkin sahələri ilə əvəzlənir”.

Su kanalları beton olmalıdır

Ekspert bildirib ki, davamlı suvarılma imkanı olmadıqda növbəli əkin sistemi tətbiq edilməlidir: “Məsələn, fermer eyni anda 10 hektar sahədə taxıl əkir və oradan 15-20 ton taxıl yığır. Növbəli əkində isə beş hektarı əkir, digər sahəni dincə qoyur. Əkdiyi beş hektardan 25 ton taxıl yığır. Meyvə bağları intensiv sulama-damlama sisteminə keçirilir. Buna dövlət tərəfindən dəstək də verilir. Beləliklə, su itkilərinin qarşısı qismən də olsa alınır. Digər damlama-çiləmə təsərrüfatlarına da dəstək artırılmalıdır. Kanallar betonlaşmalıdır. Çünki torpaq kanallar xeyli miqdarda suyun itirilməsinə səbəb olur. Su kanallarının yalnız 20 faizində betonlaşma həyata keçirilib”.

Daxili çayların bir çoxu quruyub

İqtisadçı Pərviz Heydərov isə düşünür ki, hazırda suvarma sahəsində çatışmazlıqlarımız, əsasən mövcud su potensialımızın azalmasından qaynaqlanır: “Məsələn, son illər ərzində iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların nəticəsində ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarında su kəskin azalıb və daxili çayların bir çoxu isə ümumiyyətlə quruyub. Ona görə də kənd təsərrüfatı bitkilərinin, həmçinin meyvə və tərəvəz əkininin suvarma suyu ilə təminatı çətinləşib”.

P.Heydərovun fikrincə, suvarmadakı qıtlığın qarşısının alınması üçün su ehtiyatlarımız nəzarətə götürülməlidir: “Azərbaycan su ehtiyatlarıyla bağlı yaxın gələcəkdə dünyada ciddi böhranla qarşı-qarşıya qalacaq ölkələrdən biri sayılır. Ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz azalacağı gözlənilir. Odur ki, bu gün işartıları görünən bir sıra real su problemlərimiz yaxın gələcəkdə daha ciddi şəkil alacaq. Mövcud su ehtiyatlarımızdan səmərəsiz istifadə su ilə bağlı bizi gözləyən böhranlı vəziyyəti daha sürətlə yaxınlaşdırır. Odur ki, prioritet məsələ ilk növbədə bu vəziyyəti aradan götürməkdir. Məlumata görə, ölkəmizdə yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir ki, bunun da yalnız 30 faizi daxili ərazimizdə formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazilərindən daxil olur. Yerüstü su ehtiyatlarımızın daxildə formalaşan hissəsi daha çox mühafizə olunmalı və istehlakı dövlət nəzarətinə götürülməlidir”.

Mütəmadi müzakirələr aparılır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən isə bildirildi ki, son dövrlərdə qlobal iqlim dəyişilmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində görülmüş işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj şəbəkələrinin, nasos stansiyalarının və digər infrastrukturların tikilib istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfələr verib.

Qurumun məlumatına görə, müvafiq qurumların, şirkətlərin və fermerlərin iştirakı ilə kənd təsərrüfatı bitkilərinin su təminatının vəziyyəti, yaranan çətinliklər və onların aradan qaldırılması ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır və müvafiq tədbirlər müəyyənləşdirilir: “Əkinlərin su təminatı məqsədi ilə suvarma qrafikləri hazırlanır və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya edilir. Bu qrafiklər Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilir. Mütəmadi olaraq sudan qənaətli və səmərəli istifadə, suvarma qrafikləri üzrə növbəliliyə riayət olunması ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarının stabil su təminatına nail olunması, qeyri-məhsuldar su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində maarifləndirilməsi işləri həyata keçirilir”. ("Kaspi" qzəeti)

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur