Rüşvət müqabilində hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxs həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyilir.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon idarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən hərbi qulluqçu Hümbət Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət tələb etməsi və alması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Hümbət Nəbiyev şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı cinayət əməlinin törədilməsində iştirak etmiş bütün şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi təmin ediləcək.