ATGTİ-nin “Müstəqilliyimiz əbədidir!” həftəsi uğurla başa çatdı
28 may 2024 17:58
GÜNDƏM
ads
28 may Müstəqillik Gününün 106-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 24-28 may tarixlərində “Müstəqilliyimiz əbədidir” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib.
QÜTB.AZ xəbər verir ki, ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı Tələbə Gənclər Təşkilatları tərəfindən müxtəlif istiqamətli “Əbədi müstəllik” adlı bədii tədbir, “Son iclas” filminin nümayişi, “Müstəqilliyə gedən yol” adlı dəyirmi masa, “Respublikaçılar Kuboku” intellektual yarış, “Yaradılış: Azərbaycanın dövlətçilik tarixi” rəsmilərlə görüş, “28 May - Qələbə Turniri” futbol çempionatı adlı tədbirlər və Müstəqillik Gününə həsr olunmuş intellektual oyunlar, mövzu ətrafında seminarlar, ekskursiyalar, müxtəlif konsert proqramları təşkil olunub və videoçarxlar izlənilib.
28 May Müstəqillik Günü ilə bağlı ali təhsil müəssisələrində fəaliyyət göstərən Vətənpərvərlik, CreART mədəniyyət klubları şəbəkəsi, İntellektual oyunlar klubları tərəfindən ekskursiyalar, konsert proqramları, film nümayişləri, turnirlər təşkil olunub.
Əlavə olaraq Müstəqilliyimizin 106-cı ildönümü ilə əlaqədar olaraq gənclər təşkilatları və yerlərdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının 1000-dən çox aktiv üzvləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını və “İstiqlal” abidəsini ziyarət ediblər.
ATGTİ və TGT-lərin təşkilatçılığı, Gənclər Fondu, Bakı Musiqi Akademiyasının dəstəyi ilə 300-dən çox gəncin iştirakı ilə “SƏS” Müstəqillik Gününə həsr olunmuş konsert proqramı adlı ədəbi-bədii tədbir reallaşıb.
Gənclər Fondu, 2 Nömrəli Bakı Baza Tibb Kolleci, ATGTİ-nin dəstəyi və kollecin TGT-nin təşkilatçılığı ilə 28 Maya həsr edilmiş təhsil müəssisələri arasında “Poeziya Körpüsü” adlı müsabiqə keçirilib. Müsabiqədə müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri şeir kompozisiyaları ilə çıxış edib, sonda münsiflərin qərarı ilə qalib müəyyən edilərək, mükafatlandırılıb.
Həyata keçirilən tədbirlər bir daha göstərib ki, bu gün də qalib ölkənin qalib gəncləri tarixi köklərə əsaslanan müstəqil ruhda yetişib. 20-ci əsrin sonlarında bərpa etdiyimiz müstəqilliyimizin yenidən təhlükə ilə üzləşdiyi və bu ağır dönəmdə məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqillik qorunub saxlayıb və daha da möhkəmlənib. Məhz bu ardıcıl siyasətin nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qələbəmiz mümkün olub. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və ruh yüksəkliyi bu gün Azərbaycan gəncliyini dəmir yumruq ətrafında birləşdirib. Bu gün həyata keçirilmiş layihələr tələbə gənclərin daima dövlətçilik ənənələrimizin davamı olan müstəqillik ideyasını yaşatdıqlarının təcəssümüdür.