ABŞ və Fransa əsgərlərinin geri çəkilməli olduğu Nigerdə Türkiyə ilə Afrika ölkəsi arasında neft və təbii qaz sahəsində əməkdaşlığı nəzərdə tutan bəyannamə imzalanıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, Türkiyənin nazirlərdən ibarət nümayəndə heyəti əvvəlcə Nigerin baş naziri Ali Mahamane Lamine Zeine ilə görüş keçirib. Daha sonra Niger mədən naziri Abarchi Ousmane, neft naziri Mahaman Moustapha Barke, enerji naziri Amadou Haoua, ən son isə Niger prezidenti Abdurrahmane Tchiani ilə görüş baş tutub.
Nazir Alparslan Bayraktar neft və təbii qaz sahəsində əməkdaşlığı nəzərdə tutan “Neft və Təbii Qaz Sahəsində Əməkdaşlıq Niyyət Bəyannaməsi”ni imzalayıb.
İmzalanan bəyannamə ilə iki ölkənin müvafiq qurumları və şirkətləri arasında dialoqun artırılması nəzərdə tutulur. Bu çərçivədə Nigerdəki neft və təbii qaz yataqlarının işlənməsində türk şirkətlərinə dəstək göstəriləcək. Planlaşdırılan işlər müəyyən qrafik çərçivəsində davam etdiriləcək.
Roza Şəfiyeva