Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərdə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.
Dövlət Komitəsindən Qutb.az-a bildirilib ki, Qurumun Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir.
Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdam rayonunun Sarıcalı kəndinə köçürülən 70 ailənin iştirakı ilə keçirilib. Tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar nümayiş etdirilib.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.