Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 73 816 abort qeydə alınıb. Abort edənlərin çoxunun yaşı gəncdir. Belə ki, 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır. Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2 528 qadın abort etdirib. 2021‑ci ildə abort edənlərin sayı 46 877, 2022‑ci ildə 57 999 olub. 15‑49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 təşkil edib. Statistikadan da görünür ki, say çox sürətlə artır. Aparılan təbliğat da heç bir effekt vermir. Bəs, görəsən, problemin həlli yolları varmı? Bəlkə artıq inzibati qaydada hansısa addımların atılmasının vaxtı çatıb?
Aborta alternativ variant olmadığı halda müraciət edilməlidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov da ölkədə abortların sayının artdığını təsdiqləyir. Onun sözlərinə görə, son 10 il ərzində abortların bir necə dəfə artması müxtəlif səbəblərlə bağlıdır: “Yaş kateqoriyası üzrə bölgüyə diqqət yetirsək görə bilərik ki, abortlar 25-34 yaş arasında olanlar arasında daha çox tətbiq olunur. Bu, nikah yaşı dövrüdür. Bu kimi halların mövcudluğu onu göstərir ki, bu gün gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı bilikləri azdır. Bu mövzular ətrafında işlərin daha gücləndirilmiş bir formada aparılmasına ehtiyac var ki, ailələr aborta yalnız alternativ variant olmadığı halda müraciət etsinlər. Abortları yaradan digər səbəblər isə cəmiyyətdə hələ də mövcud olan stereotiplərdir. Bu stereotiplər ailədə oğlan uşaqlarına qarşı olan üstünlük və istəkdən irəli gəlir”.
Dölün cinsinin müəyyən edilməsinə qadağa qoyulsa…
R.Mahmudov vurğulayır ki, beynəlxalq praktikada bu kimi halların qarşısını almaq üçün normativ hüquqi bazada ana bətnində olan dölün cinsiyyətinin müəyyən edilməsi ilə bağlı qadağa mövcuddur: “Digər ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində aparılan araşdırmalar göstərib ki, USM-nin səhiyyədə tətbiqindən sonra selektiv abortların sayında artım müşahidə olunub. Son illər eyni tendensiyanı bizdə də görmək olar. Bunun nəticəsi bu gün Azərbaycanda hər 100 qız uşağına 114-116 oğlan uşağının dünyaya gəlməsidir. Normada bu göstərici 100 qız uşağına 104-105 oğlan uşağının olmasıdır. USM-nin əsas istiqaməti ana bətnində olan uşağın sağlamlığının qorunması, yoxlanılması və izlənilməsidir. Lakin valideynlər burada cinsiyyətin müəyyən olunmasını prioritet olaraq seçirlər. Əgər USM müayinəsi aparan həkimlərə dölün cinsinin müəyyən edilməsinə qadağa qoyulsa, bu, həm selektiv abortlarının yayılmasına və qarşısının alınmasına, eyni zamanda cins nisbətinin stabilləşdirilməsinə kömək edə bilər”.
Hər hansı məsuliyyət yoxdur
Hüquqşünas Ruslan Vəliyev hesab edir ki, abortların qarşısını almaq üçün inzibati qaydada müdaxilənin vaxtı çoxdan yetişib. Onun fikrincə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq əlavələrin edilməsi zəruridir: “Azərbaycanda abortların sayının artması birmənalı şəkildə selektiv abortlardan qaynaqlanır. Qanunvericilikdə selektiv abortla bağlı hər hansı məsuliyyət yoxdur. Düzdür, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun var. Həmin qanunda hansı hallarda və hansı səbəblərdən aborta icazə verildiyi barədə qeyd edilib. Amma yaxşı olardı ki, abortlarla bağlı məsələ ən azından İnzibati Xətalar Məcəlləsinə salınsın və hər iki tərəf üçün məsuliyyət yaratsın”.
“Sanksiyaların məbləği 20-30 min manat civarında olmalıdır”
R.Vəliyev deyir ki, mövcud problem kompleks yanaşma tələb edir: “Biz əminliklə deyə bilmərik ki, bununla bağlı inzibati məsuliyyət yaranandan sonra vəziyyət müsbətə doğru dəyişəcək. Mövcud problemə kompleks yanaşma lazımdır. İlkin olaraq İnzibati Xətalar Məcəlləsinə müvafiq sanksiyalar əlavə etmək və həmin sanksiyaları təcrübədə tətbiq etməklə kifayətlənmək olar. Tibb müəssisələri üçün nəzərdə tutulan bu cərimə sanksiyalarının məbləği 20-30 min manat civarında olmalıdır. Əgər vəziyyət dəyişməzsə, o halda Cinayət Məcəlləsinə də müvafiq maddələr əlavə edilə bilər. Əməliyyatı icra edən tibb personalı ya həbs cəzası almalı, ya da fəaliyyətinə qadağa qoyulmalıdır”.
Sosioloq Əhməd Qəşəmoğlu indiyədək bu istiqamətdə aparılan təbliğat və maarifləndirmə işlərini qənaətbəxş hesab etmir. Onun fikrincə, abortların qarşısının alınması yönündə atılan addımlar kortəbii xarakter daşıyır: “Gərək ölkədə bununla bağlı sosial siyasət dəyişsin, ümumi fəaliyyət planı hazırlansın. Yoxsa insanlara “ayıbdır, günahdır, abort etməyin” deməklə bu məsələ həllini tapmaz. Əsas səbəbləri aydınlaşdırmaq lazımdır. Bir tərəfdən ciddi elmi əsaslarla, yeni metodla maarifləndirmə olmalıdır. Digər tərəfdən, bu sahədə müəyyən bir hüquqi təzyiq yaradılmalıdır. Çalışmaq lazımdır ki, insanlar özləri bunu dərk eləsinlər".
Həkimlər də başqa çıxış yolu görmür
Cərrah mama-ginekoloq Ləman Əliyeva da inzibati qaydada təsir mexanizmlərinin yaradılmasının tərəfdarıdır: “Görürük ki, problemi maarifləndirmə, təbliğat aparmaqla aradan qaldırmaq mümkün deyil. Məsələn, mən abort üçün yanıma gələn xəstədən imtina etsəm, o, başqa həkimin yanına gedəcək. Amma abortlarla bağlı inzibati qaydada təsir mexanizmləri olsa, vəziyyət müəyyən qədər dəyişə bilər”. ("Kaspi" qəzeti)