Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilərək, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Qutb.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Beləliklə, Mixail Saakaşvili 12,6 il həbsdə qalacaq.
Gürcüstan qanunlarına görə, cəza müddəti 2021-ci il oktyabrın 1-dən başlayır.
Gürcüstanın keçmiş prezidenti əfv olunmasa və ya şərti azadlığa buraxılmasa, 2030-cu ilin oktyabrınadək həbsdə qalacaq.
Əfv haqqında qərarı Gürcüstan Prezidenti, şərti azadlığa çıxma barədə qərarı isə cinayətin ağırlığı, riskin qiymətləndirilməsi və məhkumun davranışını rəhbər tutan komissiya qəbul edir.
Məhkəmə prosesində ittiham tərəfi Saakaşvilinin 29 sentyabr 2021-ci ildə sərhəd nəzarətindən yan keçərək Gürcüstana daxil olduğunu sübuta yetirib. İstintaqın məlumatına görə, Saakaşvili Gürcüstana bərə ilə, Odessadan süd məhsulları yüklənmiş qoşqu ilə gəlib.
Daha sonra o, Poti limanı yaxınlığında qoşqudan düşüb və əvvəlcə Sameqrelo-Zemo Svaneti bölgəsindəki Tkviri kəndinə, daha sonra isə Batumiyə gedib.
Ardınca paytaxt Tbilisiyə gedən Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs olunana qədər orada bir mənzildə yaşayıb. O, Gürcüstanda olduğu müddətdə sosial şəbəkələr üçün bir neçə video çəkib yayımlamağa nail olub.
Saakaşvilinin həbsinə səbəb iki cinayət işi üzrə hökmlər olub: deputat Valeri Gelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qətlində təqsirli bilinənlərin əfv olunması. Bunlara görə, eks-prezident 6 il müddətinə azadlıqdan məhrum edilib.
Sabiq prezident vətənə qayıtdıqdan sonra məhkəmə daha iki işə baxmağa başlayıb: biri dövlət vəsaitinin mənimsənilməsi, digəri isə 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılması ilə bağlı. Ötən həftə məhkəmə Saakaşvilini mənimsəmə işi üzrə hökm çıxarıb və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci il oktyabrın 1-də həbs olunduqdan sonra Saakaşvili həbsxana kamerasında altı aydan az vaxt keçirib, qalan vaxtını klinikalarda keçirib: əvvəlcə həbsxana xəstəxanasında, sonra Qoridəki hərbi xəstəxanada, 2022-ci ilin mayından isə hələ də yerləşdiyi Tbilisidəki Vivamedi klinikasında.