Türkiyədə qaynaqçı maaşlarının yüksək olmasına baxmayaraq, tikinti sahəsində kadrların tapılmaması bəzi layihələrin ləngiməsinə səbəb olub. Sektor sahibləri mühəndis və memarların 40-60 min lirə (2-3 min manat) arasında maaş aldığını, lakin 150 min lirəyə (8 min manat) qaynaqçı tapa bilmədiklərini bildiriblər.
Publika.az xəbər verir ki, Türkiyədə tikinti sənayesi son illərdə ən yüksək xərc artımı olan sektorlardan birinə çevrilib. Mənzil qiymətlərinin artımı səbəbi ilə də satışlarda azalma müşahidə olunub. Eyni zamanda tikinti sənayesində ixtisaslı kadr tapmaq problemi də davam etməkdədir. Sənaye nümayəndələri qaynaqçı, suvaqçı, dəmirçi, operator tapa bilmədiklərindən şikayətlənirlər.
Anadolu Yakası İnşaat Müteahhitləri Birliyi (AYİDER) başçısının köməkçisi Əhməd Erkutoğlu tikintidə ustaya iş verdiklərini, lakin ustanın öz komandasını yığa bilmədiyini bildirib:
“Bu gün tikinti ustasının 80-100 min lirə (4-5 min manat), dəmirçinin 70-80 min lirə (3-4 min manat), qazma operatorunun maaşı isə 100-150 min lirəyə (5-8 min manata) qədər yüksəlib. Universitet məzunu olan inşaat işçisi, sayt müdiri və ya memar isə 40-60 min lirə (2-3 min manat) maaş ala bilir”.
Erkutoğlu ustaların maaşları xarici valyuta ilə almaq istədikləri üçün xaricə üstünlük verdiyini və bu vəziyyətin Türkiyədə işləri çətinləşdirdiyini də əlavə edib.
Roza Şəfiyeva