Avropa İttifaqına (Aİ) sədrlik edən Macarıstanın baş naziri Viktor Orban Aİ-nin reaksiyasına baxmayaraq, Rusiyaya səfər edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə sosial media hesabından açıqlama verib.
Nazir açıqlamasında məqsədinin Avropa İttifaqını təmsil edərək danışıqlara başlamaq deyil, yalnız sülhə doğru ilk addımların atılmasına xidmət etmək olduğunu bildirib. Lakin o, səfərində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi ilə bağlı iddialara aydınlıq gətirməyib.
"Sülh missiyası davam edir. İkinci dayanacaq Moskvadır" , - Orban əlavə edib.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bu barədə xəbərdarlıq edib: “Macarıstanın baş naziri heç bir şəkildə Aİ-ni təmsil etmir”.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen də Orbanın Moskvaya səfərinə reaksiya verib: "Putini sakitləşdirməklə dayandırmaq olmaz. Yalnız birlik və qətiyyət Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün yolunu açacaq".
Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqından sonra Aİ-Rusiya münasibətləri gerilədi. Macarıstan və Aİ arasında da Ukrayna-Rusiya müharibəsi, Ukraynaya hərbi və maliyyə dəstəyi, Ukraynanın Aİ-yə üzvlük danışıqları kimi məsələlərdə fikir ayrılıqları var.
Roza Şəfiyeva