İsrail Ordusu Beyrutda “Hizbullah”ın qərargah rəisi, təşkilatın hazırkı strukturu üzrə “nömrə 2”si hesab olunan Həytəm Əli Təbətbayinin zərbə nəticəsində öldürüldüyünü rəsmən açıqlayıb.
Qutb.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb
Məlumata görə, Təbətbayi 2025-ci ildə “Hizbullah”ın qərargah rəisi təyin edilmiş və təşkilatın döyüş qabiliyyətinin bərpasına rəhbərlik edirdi. ABŞ onu 2016-cı ildə xüsusi təhlükəli terrorçular siyahısına salmış, tutulmasına və ya məhv edilməsinə görə 5 milyon dollar mükafat təklif edilmişdi.
Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində azı 5 nəfərin öldüyünü, 28 nəfərin yaralandığını bildirib.
Baş nazir Benyamin Netanyahu bəyan edib ki, Təbətbayi “onlarla israillinin və amerikalının qatilidir” və İsrailin “Hizbullah”ın yenidən güclənməsinə imkan verməyəcəyini vurğulayıb.
İsrail müdafiə naziri İsrael Kats da açıqlamasında ölkənin şimalına yönələn istənilən təhdidə qarşı sərt cavab veriləcəyini bildirib: “İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək”.
Livan Prezidenti Cozef Aun isə İsrailin Beyruta zərbəsini “ölkənin sabitliyinə qarşı növbəti hücum” adlandırıb. “Hizbullah” nümayəndəsi komandanlarından birinə qarşı sui-qəsd olduğunu təsdiqləyib.
İsrail ordusu ehtimal edir ki, təşkilat cavab hücumu həyata keçirməyə cəhd göstərə bilər. Ordunun hava və hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.