Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanətdə ittiham olunması və barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ölkədə böyük səs-küy doğurub.
Onun həddən artıq böyük sərvətə sahib olduğu barədə iddialar yayılıb. Artıq bəzi KİV-lər Ramiz Mehdiyevə və onun ailə üzvlərinə aid edilən əmlakların ysiyahısını da dərc ediblər. Məlumatlarda Ramiz Mehdiyevin iqtisadi sahədə böyük gücə sahib olduğu da qeyd edilir.
Mövzu ilə əlaqədar Qutb.az-a danışan iqtisadçı Vahid Məhərrəmli bildirib ki, əslində, Ramiz Mehdiyevin iqtisadi sahədə savadı yoxdur:
“O, çoxsaylı obyektləri ələ keçirsə də, həmin obyektlərdə səmərəli biznes qura bilməmişdi. Mehdiyevin heç bir iqtisadi savadı yoxdur. Bir sıra rayonlara icra başçılarının təyin olunmasında “əhəmiyyətli" rol oynayıb. Onun himayəsilə bəzi rayonlara bacarıqsız, qabiliyyətsiz icra başçıları göndərilib. Korrupsioner, rüşvətxor və pula həris adam idi. Ona verilən elmi titulların da heç birinə layiq adam deyildi. Adi bir məmur idi. Onun elmi əsər yazmağa vaxtı yox idi. İndi bir neçə deputat var ki onlar bir zaman Ramiz Mehdiyevin adına kitab yazırdılar. Yəni Ramiz Mehdiyev əlinə keçmiş fürsətdən özü üçün istifadə etdi. Əslində, onun əlinə yaxşı imkan keçmişdi, xalqa xidmət etməliydi, yaddaşlarda yaxşı xatırlanmalıydı, amma o, əksinə davrandı. Mən onu xalqa faydası olmayan bir insan kimi xarakterizə edərdim”.
V.Məhərrəmli Ramiz Mehdiyevin inhisarçı olduğunu vurğulayıb:
“Onun bağını görmüşdüm. Çoxsaylı torpaq ərazilərini əlinə keçirib. Bankı vardı, istehsal müəssisələri vardı . Əgər özü o sahənin adamı olmadığı halda torpaq ələ keçirib bizneslə məşğul olursa, deməli inhisarçıdır. Üzümçülüyü bilmir, di gəl 500 hektara yaxın ərazini zəbt edib, orada üzüm əkini ilə məşğuldur və şərab istehsal edir. Özü də qanunu pozublar. Rəhbər vəzifədə çalışdıqları halda nə onun özü, nə də xanımı bizneslə məşğul ola bilərdi. Hansı əsasla bizneslə məşğul olursan? Məmursan və yaxşı da maaş alırsan. Villa tikdirib, böyük bir ərazini mənimsəyib. Sən bir otağa sığışmırsan ki, balaca da adamsan? Guya akademikdir, böyük bir otağı var idi. Adamları yığıb ora tapşırıq verirdi, bunun adına yazılar yazmaq üçün. Böyük iddiası olan adamdır. Ancaq dərin savadı yoxdur. Elmi kommunizmlə məşğul olan bir şəxsdir”.