Trampın qayıdışı, əslində Ukraynanın məğlubiyyətidir? - ŞƏRH
Yeni seçilmiş prezident Donald Tramp ötən cümə axşamı Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb, söhbət zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.
Bu, amerikalı siyasətçinin seçkilərdəki qələbəsindən sonra Trampla Putin arasında ilk söhbət olub. Söhbət zamanı o, Putini Ukraynadakı münaqişəni gərginləşdirməməyə çağırıb və ona ABŞ-ın Avropada əhəmiyyətli hərbi mövcudluğunu xatırladıb. Tramp və Putin Avropada sülh mövzusuna toxunub, Tramp Ukrayna böhranının həlli yollarını daha da müzakirə etməkdə maraqlı olduğunu bildirib.
Trampın qayıdışı Rusiya-Ukrayna müharibəsinə və ABŞ-ın siyasətinə necə təsir edəcək?
Mövzunu QUTB.AZ-a şərh edən "Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzovun sözlərinə görə, Trampın özü dediyi kimi, müharibəni bir sutkaya bitirə biləcəyi fikri ağlabatan deyil:
"Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl dəfələrlə demişdi ki, mən hakimiyyətə gəlsəm, Rusiya-Ukrayna müharibəsini bir sutkaya bitirə bilərəm. Hər şeydən əvvəl bu tipli oxşar bəyanatlar Trampın seçki kompaniyasına, onun xal qazanmasına hesablanmışdı. Həm Respublikaçıların, həm də Trampın mövqeyinə nəzər salsaq, deyə bilərik ki, müharibənin indi bitməsi daha ağlabatandır, nəyinki Kamala Harris üçün daha çətin olardı".
Şərhçi Kamala Harrislə Trampın siyasətçi olaraq müqayisəsindən bəhs edib:
"Respublikaçıların əvvəlki hakimiyyəti dövründə Rusiya-ABŞ münasibətləri daha oyaq idi, indiki kimi radikal deyildi. Eyni zamanda Tramp biznesmen təfəkkürlü siyasətçidir və dünya dövlətləri ilə daha çox iqtisadi əlaqələrə önəm verir. Trampın keçmiş hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətlərinə yenə də gərginlik var idi, amma indiki kimi deyildi. Bayden Trampdan fərqli olaraq radikal və sərt gücü seçən siyasətçidir. Tramp əksinə, yumşaq gücdən istifadə edir".
Kənan Novruzovun fikrincə, Trampın hakimiyyətə gəlməsi əslində, Avropanın tək qalması, Ukraynanın isə məğlubiyyəti deməkdir:
"Trampın andiçməsindən, tam hakimiyyətə gəlməsindən bir müddət sonra Ukraynaya dəstək azalacaq. Ukraynaya dəstəyin azalması isə Rusiyanı gücləndirəcək və yaya doğru cəbhədə ciddi irəliləyiş əldə edəcək. Bu da Ukraynanı sülhə, Rusiya ilə danışıqlara məcbur edə bilər və müharibə Ukraynanın məğlubiyyəti ilə bitər. Tramp da əslində bunu nəzərdə tuturdu ki, yəni, Ukraynaya yardımı azaltmaqla müharibəni bitirə bilər. Bəs demokratlar, yəni Kamala Harris hakimiyyətə gəlsəydi nə olacaqdı? Ya Ukraynaya dəstək indiki kimi qalacaqdı, ya da artacaqdı. Bu da müharibənin miqyasını daha da genişləndirəcəkdi. İndi isə Ukraynaya dəstək azaldılacaq, Ukrayna məğlub olacaq və ərazi güzəştinə getməli olacaq. 70-80 faiz Rusiyanın maraqlarına cavab verən sülh sənədi imzalancaq və müharibə başa çatacaq. Trampın siyasətinin nəticəsində ABŞ mövqeyini dəyişəndən sonra Avropa tək qalacaq. İndiyə kimi həm Qərb, həm də Avropa Ukraynanın yanında idi. Amma ABŞ geri çəkilsə, Qərb Rusiya ilə bacarmayacaq və Avropa İttifaqı (Aİ) daxilində də qarşıdurmaya səbəb olacaq. Bəziləri Ukraynanın yanında qalacaq, bəziləri isə çəkiləcək. Çünki Rusiya ilə üz-üzə qalmaq istəməyəcəklər".