16.11.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?

16 noy 2025 13:00
GÜNDƏM
ads
Advertisement

2026-cı ildən etibarən Maliyyə Nazirliyinin siyahısında maliyyələşməyəcək qurumlar arasında “Azərbaycan Nəşriyyatı” MMC-nin də yer aldığı məlum olub.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq ötən həftə keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu kontekstdə Azərbaycan Nəşriyyatının hansı formada maliyyələşəcəyi məsələsi isə ciddi sual doğurur.

Mövzu ilə bağlı Qutb.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, Azərbaycan Nəşriyatının maliyyələşməsinin müəyyən bir hissəsi dövlət büdcəsinin,  bir hissəsi isə göstərdiyi xidmətlərin hesabına formalaşır.

“Təbii ki, dövlət dəstəyi olmadan Aznəşrin saxlanılması çətin olar. Amma beynəlxalq təcrübədə belə müəsisələr özünü maliyyələşdirir.  Ölkəmizdə də bu istiqamətdə müəyyən addımlar atılmalı olduğunu hesab edirəm. Çünki, xidmət sahələri özlərinin xidmətləri hesabına malıyyələşməlidirlər”.

Sədr müavini vurğulayıb ki, Azərnəşr kitab satışından, çap xidmətlərindən, dövlət sifarişlərindən və beynəlxalq layihələrdən də gəlir əldə edir:

“Həm də icarə haqları da bu müəsisənin gəlirlərinə daxil etmək olar.  Xarici ölkələrdə belə xidmətlər daha maliyyə tutumludur və müəsisələrin özlərini saxlamasına kifayət edir. Bu baxımdan Azərbaycan Nəşriyyatı da gələcəkdə tam şəkildə özünümaliyyələşməyə keçəcəyini hesab edirəm”,- deyə deputat qeyd edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Hüseyn İbrahimov isə bildirib ki, Azərbaycan Nəşriyyatının fəaliyyəti yalnız orada fəaliyyət göstərən müəyyən dövlət qəzetlərinin maliyyələşdirilməsi ilə məhdudlaşmır.

“Bu, daha geniş və çoxşaxəli bir fəaliyyətdir. Nəşriyyatın maliyyələşməməsi o demək deyil ki, həmin dövlət qəzetləri dövlət büdcəsindən vəsait almayacaqlar. Əgər əvvəllər onlar bu vəsaitləri Azərbaycan Nəşriyyatı vasitəsilə alırdılarsa, indi bu maliyyə yardımları birbaşa qəzetlərin özlərinə ayrılacaq.

Sözügedən dəyişiklik, bir tərəfdən, qəzetlərin fəaliyyətini müstəqil, birbaşa və vasitəçisiz şəkildə həyata keçirməsinə imkan verəcək, onların maliyyə müstəqilliyini və ümumilikdə fəaliyyət azadlığını artıracaq. Digər tərəfdən, bu, Azərbaycan Nəşriyyatının fəaliyyətinin dayandırılması anlamına gəlmir. Nəşriyyat dövlət maliyyələşməsindən kənarda qalsa da, tenderlərdə iştirak etmək, müxtəlif layihələrdə yer almaq, eləcə də özəl və qeyri-özəl sektorlarla əməkdaşlıq imkanlarına malikdir. Bu baxımdan nəşriyyat fəaliyyətini daha sərbəst təsərrüfat subyekti kimi davam etdirə biləcək”.

Müsahibimiz söyləyib ki, ümumiyyətlə, nəşriyyatların maliyyələşməsi məsələsinə baxsaq, görərik ki, Azərbaycan Nəşriyyatı sovet dövründə formalaşmış bir qurumdur və müstəqillik dövründə də fəaliyyətini davam etdirib:

“İndi isə maliyyələşmə mexanizminin dəyişməsi bu fəaliyyətə yeni bir mərhələ qazandırır. Artıq struktur daxilində olan qəzetlər maliyyəni birbaşa alacaqlar.

Dünyada, xüsusilə Almaniya və digər Qərb ölkələrində nəşriyyatların fəaliyyət formaları müxtəlifdir. Onlar öz maliyyələşmələrini təmin etdikcə, prestijlərini, statuslarını, eləcə də beynəlxalq nəşriyyat sistemində mövqelərini daha da gücləndirməyə çalışırlar. Məsələn, bir çox tədqiqatçılar əsərlərini Almaniyanın nüfuzlu nəşriyyatlarında çap etdirməyə üstünlük verirlər. Bu nəşriyyatlar nüfuzlarını dövlət maliyyəsi hesabına deyil, müasir tələblərə uyğun fəaliyyətləri və peşəkar iş prinsipləri sayəsində qazanıblar”.

Həmsöhbətimizin sözlərinə görə, bu gün nəşriyyatların fəaliyyəti yalnız qəzet nəşri ilə məhdudlaşmır:

“Onlar elmi və təhsil institutları ilə sıx əməkdaşlıq etməli, yerli alimlərin tədqiqatlarını çap etməklə elmi potensialın inkişafına töhfə verməlidirlər. Eyni zamanda, nüfuzlu jurnalların və kitabların müxtəlif dillərdə nəşri imkanlarını genişləndirmək, xarici sifarişlər və qrant layihələri cəlb etmək nəşriyyatın beynəlxalq nüfuzunu artırar.

Bu proses nəticəsində nəşriyyatın imkanları genişlənəcək, fəaliyyət dairəsi böyüyəcək. Əgər Azərbaycan Nəşriyyatı bu yeni şəraitdə fəaliyyətini müasir dünyanın tələblərinə uyğun şəkildə qura bilsə, o zaman öz mövqeyini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə möhkəmləndirə bilər. Hətta gələcəkdə xarici alimlər də burada nəşr olunmaqda maraqlı ola bilərlər”.

H.İbrahimov onu da əlavə edib ki, nəşriyyatın yenidən strukturlaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi və müasir biliklərə malik kadrların prosesə cəlb olunması vacibdir:

“Bu, 1-2 ilə həll ediləcək məsələ deyil, müəyyən vaxt və ardıcıl fəaliyyət tələb edir. Lakin peşəkar kadrların iştirakı ilə bu sahədə yeni, müasir və rəqabətqabiliyyətli bir sistemin formalaşdırılması mümkündür”,- deyə o fikrini tamamlayıb.

Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Nəşriyyatı” MMC-nin fəaliyyətinin maliyyələşdirilməsinə 2 352 890 manat vəsait icra edilib, 2025-ci ildə isə 2 228 290 manat məbləğində vəsaitin icrası planlaşdırılır. 2026-cı il üçün isə bu məqsədlə hər hansı vəsait nəzərdə tutulmayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur