Kimi içində fırtınalar, kimi içində qorxu...
"Bu Şəhərdə Kimsə yoxdur" serialı Rövşən Abdullaoğlunun "Bu Şəhərdə Kimsə Yoxdur" psixoloji romanının motivləri əsasında çəkilir. Serialın ssenari müəllifi Rövşən Abdulloğu, Quruluşçu rejissoru Rüfət Şahbazov, Baş prodüseri Amiran Babayevdir. Serialın musiqisini Rafael Şabanov səsləndirib. Serial həftənin. cümə günləri 22:00-da "Xəzər" TV-də yayımlanır.
2-ci bölüm...
Ümidsizlik hissi
Elvinin yalnız hiss etdiyi zamanlarda ona ən çox dəstək olan insan atası idi. Atası daim onun qayğısına qalmağa çalışır, onunla vaxt keçirirdi. Elvin atasının məsləhəti ilə boksla məşğul olmağa başlayır. Elvinin marağı futbola olmasına baxmayaraq atası bildirmişdi ki, sənə indi özünümüdafiə lazımdır. Ancaq Elvinin daxili iztirabları ona rahatlıq vermirdi. Elə bu yerdə Rövşən Abdullaoğlunun "Bu Şəhərdə Kimsə Yoxdur" psixoloji romanından bir hissəni xatırlamaq yerinə düşər: "İçində tənhalıq, soyuqluq. Çölündə isə sənə biganə olan, vəfasız, xəyanətkar bir aləm. İndi özün seç, sənə harada daha rahatdır? Heç yerdə... Bax, bu zaman, doğrudan da özünə yer tapa bilmirsən..."
Dost sevgisi
Serialda diqqəti çəkən məqamlardan biri də Cəfərlə Yaşarın dostluğudur. Onların dostluğu cəbhədə döyüşdükləri zaman daha da möhkəmlənmişdi. Hər ikisi də döyüşdən sağ-salamat qayıtmışdı. Təəssüf ki, Yaşar həyatına qaldığı yerdən davam edə bilmədi. Elə özünün də vurğuladığı kimi: "Ölmək unudulmaq demək deyil, unudulmaq ölməkdir". Yaşar sevdiklərinin də, dostu Cəfərin xatirəsində bir ömür yaşayacaq, özü olmasa belə.
Günel Ayxan