20.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

İsrail-İran müharibəsi Azərbaycana ticarət riskləri YARADIR

20 iyn 2025 15:00
İQTİSADİYYAT
ads

Yaxın Şərqdə alovlanan İsrail-İran münaqişəsi təkcə siyasi səhnədə deyil, eyni zamanda regional iqtisadi nizamda da ciddi dalğalanmalara səbəb olur. İran və İsraillə ticarət, enerji və logistika sahələrində çoxşaxəli əlaqələrə malik olan Azərbaycan üçün bu qarşıdurma real iqtisadi risk mənbəyidir.

Hörmüz boğazının təhlükə altına düşməsi, İran üzərindən keçən yük marşrutlarının bağlanması, enerji qiymətlərində dalğalanma və sanksiya ehtimalları Azərbaycanın idxal strukturunu, qiymət sabitliyini və təchizat təhlükəsizliyini birbaşa hədəfə alır. Bu mürəkkəb şəraitdə Azərbaycan həm iqtisadi çevikliyin, həm də geosiyasi balansın vacibliyini bir daha dərindən hiss edir.

Münaqişənin başladığı gündən dünya enerji bazarlarında qiymətlərdə artım müşahidə olunur. Neftin və qazın qiymətinin yüksəlməsi qısamüddətli dövrdə Azərbaycan üçün iqtisadi baxımdan müsbət nəticələr doğura bilər. Enerji ixracatçısı olan Azərbaycan üçün bu qiymət artımı valyuta gəlirlərinin yüksəlməsi, büdcə daxilolmalarının artması və tədiyyə balansında müsbət dinamika deməkdir. Lakin münaqişənin dərinləşməsi uzunmüddətli və sistemli risklərin meydana çıxmasına səbəb ola bilər.

Azərbaycan İranla nəinki tranzit və nəqliyyat sahəsində, həm də ərzaq və sənaye məhsullarının idxalında geniş əməkdaşlıq edir. Əgər İranda daxili vəziyyət pisləşərsə, bu sahələrdə gecikmələr və təchizat çatışmazlığı yarana bilər.

Dövlət Gömrük Komitəsinin 2025-ci ilin ilk 5 ayı üzrə məlumatına görə, Azərbaycandan İrana ixrac cəmi 6 milyon dollar olub ki, bu da ümumi ixracın cəmi 0,06 faizini təşkil edir. Əvəzində İrandan idxal olunan malların dəyəri 252 milyon dollar və ya ümumi idxalın 2,5 faizidir.

İrandan idxal olunan məhsullar arasında meyvə-tərəvəz, çərəzlər, çay, qənnadı məmulatları, sement, sürtkü yağları, kimyəvi məhsullar, ayaqqabı və elektrik avadanlıqları kimi geniş çeşidli mallar var.

İsraillə ticarət dövriyyəsi isə 2025-ci ilin yanvar-may aylarında 23 milyon dollar olub. Bu dövrdə Azərbaycandan İsrailə 13 milyon dollarlıq məhsul göndərilib,  İsraildən Azərbaycana 10 milyon dollarlıq mal idxal edilib. İsraildən Azərbaycana idxal olunan məhsullar əsasən kimyəvi maddələr, sənaye avadanlıqları, tibbi və optik cihazlar, həmçinin aqrar texnologiyalar sahəsinə aid məhsullardır.

Gərginliyin daha da artması təchizat zəncirlərində ciddi pozuntulara gətirib çıxara bilər. Xüsusilə Fars körfəzi və Hörmüz boğazında hərbi qarşıdurma ehtimalı regionda təhlükəsizlik risklərini xeyli yüksəldir. Bu risklər daşınma xərclərinin, sığorta haqlarının və çatdırılma müddətlərinin artmasına səbəb ola bilər ki, nəticədə idxal prosesi həm maliyyə, həm də texniki baxımdan çətinləşəcək.

Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələr də diqqətdən kənarda qalmamalıdır. Dubay ticarət və logistikanın əsas qovşaqlarından biri kimi çıxış edir. Azərbaycanla BƏƏ arasında əsas ticarət modeli “yenidən ixracat” prinsipi üzərində qurulub. Yəni Dubay müxtəlif ölkələrdən məhsulları idxal edir və bu məhsullar Azərbaycan da daxil olmaqla digər ölkələrə yönləndirilir.

Dubaydan Azərbaycana idxal olunan məhsulların böyük bir hissəsi İran ərazisindən keçməklə çatdırılırdı. Bu marşrut Hörmüz boğazı - Bəndər-Abbas limanı Astara və ya Biləsuvar gömrük-keçid məntəqələri vasitəsilə həyata keçirilir. Lakin bu xəttin bağlanması ehtimalı yaranarsa alternativ olaraq yüklərin Gürcüstanın Batumi və Poti limanlarına daşınıb oradan quru yolla Azərbaycana çatdırılması nəzərdən keçirilə bilər. Bu marşrut təhlükəsizlik baxımından daha etibarlı olsa da, həm məsafə, həm gömrük xərcləri baxımından daha baha başa gələcək.

Dubaydan Bakıya birbaşa hava yük daşımaları da mümkündür. Bu yol daha sürətli və təhlükəsizdir. Lakın İranın hava məkanı bağlıdır. Deməli təyyarələr alternativ marşrutlar seçməlidir. Bu da xeyli uzun məsafə, nəqliyyat xərclərinin və daşıma müddətlərinin artması deməkdir.

Hava nəqliyyatı ilə Dubaydan Azərbaycana əsasən yüksək dəyərli və azhəcmli məhsullar, xüsusilə elektronika məhsulları, dərman preparatları və mobil texnologiyalar gətirilir. Mövcud vəziyyət təsiri bir müddət sonra sözügedən məhsulların Azərbaycan bazarında həcmi və qiymətlərində özünü göstərə bilər.

Hazırda ən pessimist ssenari Hörmüz boğazının bağlanması və ya İran daxilində təhlükəsizliyin kəskin pisləşməsi kimi qiymətləndirilir.  Bu halda Dubaydan yüklərin daşınması demək olar ki, qeyri-mümkün olacaq. Alternativ marşrutlar, məsələn Qətər və Bəhreyn üzərindən hərəkət  texniki baxımdan mövcud olsa da,  həm uzun, həm də bahadır. Belə olan halda məhsulun çatdırılma müddəti 2-3 həftə uzanacaq, qiymətlər isə 30-50 faiz arta bilər.

Logistik sabitlik tam pozularsa, İran ərazisindən TIR-ların hərəkəti də mümkünsüz olacaq. Bu isə BƏƏ ilə Azərbaycan arasında quru yol nəqliyyatının dayanması deməkdir. Belə vəziyyətdə yeganə çıxış daha baha və uzunmüddətli alternativ marşrutlara keçmək olacaq ki, bu da məhsul qiymətlərində artım və təchizat fasilələri ilə nəticələnəcək.

Bu şəraitdə Azərbaycanın əsas prioriteti alternativ bazarlar və daha sabit ticarət tərəfdaşlarının müəyyənləşdirilməsi olmalıdır. Gərgin bölgələrlə ticarətin məhdudlaşdırılması və əvəzində Türkiyə, Çin, Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri ilə diversifikasiya  məqsədəuyğun strategiya ola bilər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur