“Oyuna yaxşı başlamışdıq. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirirdik. Nəticədə də fasiləyə qədər rəqib qapısından 2 qol keçirdik”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Toral Bayramov “Bayer”ə qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununu şərh edərkən deyib.
O, fasilədən sonra yalnız hesabı qorumaq barədə düşünmədiklərini bildirib: “İkinci hissədə meydana çıxanda fikrimiz geri çəkilib hesabı qorumaq deyildi. Hətta növbəti qol və qollar vurub hesab arasındakı fərqi artırmaq istəyirdik. Təəssüflər olsun ki, rəqib səhvimizdən yararlandı. Əvvəlcə hesab arasındakı fərqi azaltdılar, sonda isə qələbəni əldən verdik”.
Bayramov 2:2 hesabının yaxşı nəticə olduğunu vurğulayıb: “Ümumilikdə pis oynamadıq, əlimizdən gələni etdik. Məncə, Azərbaycan futbolu adına pis nəticə deyil. Əsas odur ki, məşqçinin tapşırıqlarını yerinə yetirdik”.
23 yaşlı futbolçu hansısa komponentdə rəqibdən geri qalmadıqlarını qeyd edib: “Hesabı qoruya bilməməyimizi təcrübə ilə əlaqələndirməzdim. Yaxud bunun fiziki yorğunluqla bağlı olduğunu da düşünmürəm. Meydanda mübarizə başabaş idi. Heç bir cəhətdən rəqibdən geri qalmırdıq. Hətta bəzi məqamlarda üstün idik də”.
Heybət