İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Brayton” “Mançester Siti”ni qəbul edib.
QÜTB.AZ xəbər verir ki, baş hakim Semuel Berrottun idarə etdiyi matç Falmer Stadionunda baş tutub.
Oyuna, gözlənildiyi kimi, “şəhərlilər” daha fəal başlayıb. Təzyiqi artıran qonaqlar 23-cü dəqiqədə istəklərinə çatıblar: Erlinq Holann ikinci cəhddən topu niderlandlı qapıçı Bart Verbrüggenin qoruduğu qapının çərçivəsindən keçirib. Qoldan sonra “qağayılar”lar təşəbbüsü ələ keçirməyə çalışsalar da, braziliyalı qapıçı Ederson Moraes qapısını toxunulmaz saxlaya bilib. Birinci hissə Xosep Qvardiolanın yetirmələrinin minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissənin əvvəlində isə ev sahibləri daha təhlükəli olublar. 52-ci dəqiqədə yarımmüdafiəçi Cek Hinşelvudun başla zərbəsini Ederson dəf edib. 69-cu dəqiqədə “Brayton”un növbəti hücumlarının birində Juan Pedro qapıçı Edersonla üz-üzə qalsa da, zərbəsi dəqiq olmayıb. Uğursuz hücumlara baxmayaraq, 78-ci dəqiqədə Fabian Hürtselerin yetirmələri status-kvonu bərpa ediblər: Juan Pedro cərimə meydançasında yaranmış qarışıqlıqda maksimum yararlanıb. Oyuna nəzarəti itirən “şəhərlilər” cəmi 5 dəqiqə sonra hesabda geri düşüblər: Premyer Liqada debüt oyununa çıxan danimarkalı Mett O’Rayli dəqiq zərbə ilə özünün ilk, komandasının isə qələbə qoluna imza atıb – 2:1.
Beləliklə, bu, “Mançester Siti”nin Premyer Liqada ardıcıl ikinci, bütün turnirlərdə isə ardıcıl dördüncü məğlubiyyəti oldu.
Bu qələbə ilə “Brayton” turnir cədvəlində dördüncü pilləyə yüksəlib. Komandanın aktivində 19 xal var. Onun ən yaxın təqibçiləri “Çelsi” (18 xal) və “Arsenal”dır (18). “Mançester Siti” isə 23 xalla ikinci pillədə qalıb. Ehtiyatında bir oyun olan “Nottingem Forest” isə 19 xalla üçüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə Arne Slotun çalışdırdığı “Liverpul” başçılıq edir.
Qeyd edək ki, günün digər qarşılaşmalarında “Brentford” evdə “Bornmut”a qalib gəlib – 3:2, autsayderlərin – “Vulverhempton” və “Sauthempton”un dueli birincilərin inamlı qələbəsi ilə başa çatıb – 2:0, “Vest Hem” və “Everton” “sülhə” razılaşıb – 0:0, “Kristal Pelas” – “Fulhem” oyunu isə qonaqların iki cavabsız qolu ilə bitib.
Günə Mersisaydda “Liverpul” – “Aston Villa” qarşılaşması ilə yekun vurulacaq.
Turun mərkəzi matçı sabah baş tutacaq: London derbisində “Çelsi” “Arsenal”la münasibətlərinə aydınlıq gətirəcək.