Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb.
Qutb.az xəbər verir ki, bu gün baş tutan 8 matçdan sonra mundialda qrup mərhələsinin I turuna yekun vurulub.
E qrupunda İndoneziya Kosta Rika seçməsinə minimal hesabla qalib gələrək liderliyi ələ keçirib. Bu qrupun digər oyununda Tailand Monteneqro ilə heç-heçəyə razılaşıb - 1:1.
Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyərək F qrupuna qələbə ilə başlayıblar.
Dünya çempionatına qələbə ilə start verən yığmalardan biri də Çexiya olub. Bu kollektiv Argentinanı 2:1 hesabı ilə məğlub edib. Gürcüstan komandası isə BƏƏ millisindən güclü olub - 2:0. Avropa təmsilçiləri G qrupunda 3 xala malikdirlər.
H qrupunda isə İspaniya Qanaya, Serbiya isə İsrailə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, sabah qrup mərhələsində II turun görüşlərinə start veriləcək. Mundiala iyunun 1-də yekun vurulacaq.