Terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG Heyət Təhrir Şam (HTŞ) ilə dialoqa hazır olduqları mesajını verib.
QÜTB.AZ xəbər verir ki, PYD/YPG-nin keçmiş liderlərindən olan Salih Müslim Suriyada sülh və ortaq yaşam məsələsinə nikbin baxdıqlarını açıqlayıb.
O, konstruktiv prosesin Suriyanın gələcəyini formalaşdıracağını bildirib: “HTŞ-yə nikbin baxırıq. Onlar Suriya Milli Ordusundan daha nizam-intizamlı və uzlaşa biləndirlər. Onlar da suriyalıdırlar. Suriyanın müxtəlifliyini dəstəkləməlidirlər. Biz Suriyada birgəyaşayış gələcəyi qurmaq üçün HTŞ ilə dialoqa hazırıq”.
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Kobani də mətbuat konfransında “HTŞ-yə qarşı mübarizə qərarımız yoxdur, onların hərəkətlərinə baxacağıq” deyib.
Fəratın şimal-qərbində mövqelərini itirən PKK/YPG, Əsədin cənub-şərqdəki torpaqlardan çəkilməsindən sonra yenidən Fəratın qərbinə doğru irəliləyib.
PKK/YPG Suriya rejiminin ölkənin şərqində geri çəkildiyi əraziləri işğal edib. Fərat çayının qərbində ərazilərini itirən PKK/YPG ölkənin mərkəzi və cənub bölgələrində çayın qərbindəki ərazilərə yayılıb. Suriya rejimi noyabrın 27-dən sonra baş verən proseslərdə daim mövqelərini itirərək qüvvələrini qərbdə cəmləyərkən, ölkənin şərqində çox böyük bir ərazini PKK/YPG-yə buraxıb.
Roza