Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı ilə bağlı ibtidai istintaq aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
-------
17:16
Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində bir nəfərin həlak olduğu, daha bir şəxsin isə yanıq xəsarətləri aldığı ilə bağlı məlumat vermişdik.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 1978-ci il təvəllüdlü (cinsi qadın olmaqla) vətəndaş yerləşdirilib. Ona hər iki qolun açıq yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.
Qeyd edək ki, bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib. Partlayış nəticəsində bir nəfər də dünyasın dəyişib.
-------
12:48
Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlayıb
Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov Trend-ə bildirilib ki, bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.
"Bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək", - deyə o əlavə edib.