Sumqayıt şəhərində gözəllik salonunun icarədarı taksi sürücüsünə xəsarət yetirib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayonda baş verib.
Mingəçevir şəhər sakini 1981-ci il təvəllüdlü Səlimə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı taksi sürücüsü Musaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
İş üzrə izahat verən Səlimə bildirib ki, bir neçə aydır Sumqayıt şəhərindəki 10-cu mikrorayonda gözəllik salonunu icarə olaraq işlədib. Həmin salonun qarşısında taksilər dayanır: “Mənim də avtomaşınım var və həmin maşını salonun qarşısında saxlayıram. Hadisə günü səhər saatlarında işə gəldim, avtomaşını saxladım. Bu zaman tanımadığım taksi sürücüsü mənə avtomaşını salonun qarşısında saxlamağımI irad tutdu. Mən heç bir söz demədim.
Sonra maşının qapısını açanda qapı cüzi olaraq taksiyə toxundu. Bu zaman həmin sürücü məni təhqir etməyə başladı. Aramızda mübahisə yarandı. Taksi sürücüsü avtomaşından düşərək mənə yaxınlaşdı və mənə bir şillə vurdu. Mən də polisə məlumat verəcəyimi dedim”.
Təqsirli bilinən şəxs qeyd edib ki, həmin şəxs ona yenidən şillə zərbəsi endirib və sonra polisə məlumat verib: “Bir qədər də mübahisə davam etdi. Sonra işçim İradə gələrək məni salona apardı”.
İş üzrə zərərçəkmiş Musanın sözlərinə görə, Sumqayıtda 10-cu mikrorayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur: “Mənim işlədiyim yerin yaxınlığında gözəllik salonu var. Salonun icarədarı ilə aramızda mütəmadi mübahislər yaranır. Buna səbəb qadının orda dayanan taksi sürücüləri ilə daim mübahisə yaratması və salonun qarşında dayanmaqlarına maneçilik etməsidir.
Hadisə günü həmin yerdə duran zaman qadın avtomaşını saxladı və qapını açanda qapısı mənim avtomaşına toxundu. Mən ona irad bildirdim”.
Zərərçəkmiş qeyd edib ki, qadınla aralarında mübahisə yaranıb: “O mənə yaxınlşaraq əl-qol atdı. Avtomaşında olan spirt qabını üstümə atdı. Sonra məni təhqir etdi. Yaxında olan Nəsir adlı taksi sürücüsü gəldi və bizi aralaşdırdı. Qadın yenidən məni təhqir etməyə davam etdi. Üzümə tüpürdü, mənə şillə vurdu, eynəyimi sındırdı”.
Taksi sürücüsü deyib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib.
Araşdırmalar zamanı Səlimənin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Səlimə 300 manat miqdarında cərimə olunub.