Gürcüstanın Laqodexi bələdiyyəsində kişiyə qadın paltarı geyindirərək küçədə gəzməyə məcbur ediblər.
Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, oktyabrın 30-da Laqodexi bələdiyyəsində təqsirləndirilən şəxslər zərərçəkmişi əxlaqsız davranışda ittiham edərək ondan qadın paltarını geyinərək kəndin küçələrində gəzməyi tələb ediblər. Əks halda isə zərərçəkmişi öldürməklə hədələyiblər. Göstərilmiş psixi zorakılıq nəticəsində zərərçəkmiş onların tələbini yerinə yetirib. Bundan sonra təqsirləndirilən şəxslər kəndin küçələrində çılpaq vəziyyətdə onu gəzdirərək şərəf və ləyaqətini alçaldıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri noyabrın 1-də həbs ediblər. Onlar Cinayət Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin "E" bəndi (şəxsi alçaltmaq və məcbur etmək, onun şərəf və ləyaqətinə xələl gətirən, ağır ruhi və mənəvi ağrılar verən vəziyyətə salmaq) ilə ittiham olunurlar.
Prokurorluğun vəsatəti əsasında Qurcaani rayon məhkəməsi hər üç təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Cinayəti törədən digər şəxslərin ifşası istiqamətində istintaq davam etdirilir. Təqsirləndirilən şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Milli.Az