Bu ilin 6 iyun tarixində Nizami rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş 18 yaşlı A. Əsədovun məhkəməsi başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə A.Əsədov Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol qəzası törətmə) maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, həmin gün sürücülük vəsiqəsi olmayan A.Əsədov anasına məxsus "Hyundai Sonata" markalı avtomobili idarə edib. O, hərbi xidmətə getməsinə bir neçə gün qaldığından dostları ilə birgə avtomobillə gəzintiyə çıxıb. Avtomobil gecə saat 23 radələrində Qara Qarayev prospektində hərəkətdə olarkən yolu keçən 37 yaşlı Qasım Zeynalovu vurub. Ağır xəsarətlər alan piyada dünyasını dəyişib.
Məhkəmədə bildirilib ki, A.Əsədovun ailəsi qarşı tərəfə dəymiş ziyana görə 10 min manat yardım edib. Q.Zeynalovun yaxınları sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.
Məhkəmənin 20 noyabr tarixli hökmü ilə A.Əsədova 3 il sürücülük hüququ məhdudlaşdırılmaqla 4 il 6 ay 19 gün müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.
Milli.Az