Model sevgilisini döyməyə görə həbs edilən Ziya Hüseynzadənin dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirləndirildiyi iş üzrə məhkəmə istintaqı başlayıb.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.
"PKF Audit Azerbaijan" və "PKF Audit Consultinq" MMC-nin təsisçisi Ziya Hüseynzadənin ittiham edildiyi ilk epizod külli miqdarda qanunsuz kredit götürməsi ilə bağlıdır.
İttihamda deyilir ki, Z.Hüseynzadə digər şəxslə əlbir olaraq Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərindəki istixanalarda tərəvəz məhsullarının yerişdirilməsi üçün "Avropa Yenidənqurma və İnkişaf Bankı"dan 2 milyon dollar kredit almağa nail olub. Bu hərəkətləri ilə o, banka külli miqdarda ziyan vurub. Z.Hüseynzadə bundan sonra təkrar eyni banka ziyan vurub. Belə ki, o, özünü şirkət rəhbəri kimi təqdim edərək 5 milyon 600 min avro kredit götürüb.
Bundan əlavə, təqsirləndirilən şəxs digər şəxslə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru Aydın Rzayevin vaxtilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıb. Saxtalaşdırılmış etibarnaməni "Muğan Bank"ın baş ofisinə təqdim edib. Bu hərəkətləri ilə Hüseynzadə və əlbir olduğu şəxs 30 min dəyərində vəsaiti nağd şəkildə götürüblər. Daha sonra isə "Muğan Bank"ın Xəzər rayon şöbəsindən 2 milyon dollar götürüb.
Z. Hüseynzadə həmçinin aldatma və ələ keçirmə yolu ilə bu iş üzrə zərərçəkmiş qismində tanınmış Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı ilə müvafiq qurumdan 260 min avro qrant alıblar. Hüseynzadə 260 minin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə isə o, Kənan Rəsulova həmin məbləğdə ziyan vurub.
Ziya Hüseynzadə ittihama mübasibətdə özünü təqsirli bilməyib.
Hakim qeyd edib ki, müttəhim verilmiş ittihamlarla təqsirli bilinərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Prosesin sonuna yaxın zərərçəkmiş Kənan Rəsulovun vəkili məhkəmədə mülki iddia qaldırıb. Tərəf onlara dəymiş 130 min dollar məbləğində ziyanın, həmçinin ödənilmiş 5 min manat rüsumun Ziya Hüseynzadədən tutularaq zərərçəkmişə ödənilməsini istəyib.
Növbəti iclas martın 13-nə təyin edilib.
Qeyd edək ki, Z.Hüseynzadənin digər cinayət işi üzrə məhkəmə araşdırması da davam edir. Həmin işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hüseynzadə həmin işdə əzab verməkdə, xuliqanlıqda, oğurluqda və digər cinayətlərdə ittiham edilir.