ABŞ prezidenti Bayden Amerika və Britaniya ordularının Qırmızı dənizdəki hücumlara cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Bayden Qırmızı dənizdə hücumlarını davam etdirən husiləri hədəf alan hava hücumları ilə bağlı yazılı açıqlama verib.
Bayden açıqlamasında deyib: “Bu gün göstərişimlə ABŞ hərbi qüvvələri Böyük Britaniya ilə birlikdə Avstraliya, Bəhreyn, Kanada və Niderlandın dəstəyi ilə Yəməndə husi üsyançılarının istifadə etdiyi bəzi hədəflərə hava hücumu təşkil edib”.
Bayden Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında bir gün əvvəl alınan qərarı xatırladaraq, husiləri hücumlarına son qoymağa çağırıb.
“Yəməndəki bu hücumlar, ABŞ və müttəfiqlərinin dünyanın ən kritik ticarət marşrutlarından birində naviqasiya azadlığını təhlükəyə atmasına və şəxsi heyətimizi hədəfə almasına dözməyəcəyimizin açıq bir mesajıdır”.
Aysel Şahmar