Saxalin adasında sunami təhlükəsi ilə əlaqədar həyəcan elan edilib, bəzi ərazilərdə xəbərdarlıq sistemi işə salınıb, əhali təhlükəsiz zonalara təxliyə edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi məlumat yayıb .
Mətbuat xidməti, qərb sahillərinin təhlükəli olduğunu bildirib. Tatar boğazının sahilyanı hissəsində yaşayan hər kəsə təhlükə zonasını tərk edərək daha yüksək yerlərə sığınmaq tövsiyə edilib.
Daha sonra Saxalin Fövqəladə Hallar Nazirliyinin saytından həyəcan təbili çalması və əhalinin təxliyəsi ilə bağlı yazı silinib. İdarədən TASS-a verilən məlumata görə, evakuasiya aparılmır.
Yanvarın 1-də Yaponiyada yerli vaxtla təxminən 16:00-da 7,4 və 5,7 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ qərb sahilində qeydə alınıb. Yaponiyanın bir neçə prefekturasında sunami xəbərdarlığı edilib, dalğalar İşikava prefekturasındakı Vacima sahillərinə bir metr hündürlüyə çatıb.