Mayın 26-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və DİM ilə birgə ARVK-ya və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına (NMRVK) vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 600 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.
Belə ki, 3 saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 555 nəfər iştirak edib. ARVK-ya qəbulla bağlı test imtahanında iştirak edən 530 namizəddən 132 nəfəri, NMRVK-ya sənəd verən 25 namizəddən isə 7 nəfəri uğur qazanıb.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.
ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 10.06.2024-cü il tarixdən 20.07.2024-cü il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. ARVK-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;
3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
6. Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmaması barədə tibbi arayış;
7. Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy;
8. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;
9. Vəkilin şəxsi məlumat vərəqəsi;
10. Tərcümeyi-hal.
NMRVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.
Vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulan ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.
ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərin siyahısı ilə buradan tanış ola bilərsiz.