Xanduz tikmə növü şəbəkəli parça üzərində tikmə üsuludur. Azərbaycan milli tikmələrin məhəlli növüdür, əsasən Lənkəran bölgəsində geniş yayılıb. Xanduz tikmə üsulunda iynə, şəbəkəli parça, iki ədəd qasnaq və müxtəlif rəngli ipək, yun sapdan istifadə olunur.
Publika.az xəbər verir ki, Teleqraf.com-un müsahibi bədii tikmə üzrə sənətkar, ixtisasca filoloq olan Zərifə Zülfüqarova 13 ildir bu sənətlə məşğuldur.
“Düşünməzdim ki, bu iş həyatımın parçasına çevriləcək”
Onun sözlərinə görə, bu tikmə növündən nəinki müasir dövrdə, qədim zamanlardan analarımız, nənələrimiz bir çox məişət əşyalarında, mütəkkə, balış, pərdə, süfrələrdə istifadə edib: “Yəqin ki, hər kəsin evində nənəsinin, anasının bu tipli əl işlərindən də var. Mən qubalıyam və orada xalçaçılıq sənəti daha geniş yayılıb. Ona da həvəsim var, amma xanduz tikmə növü məni özünə daha çox cəlb etdi. İllər keçdi və düşünməzdim ki, həvəskar kimi başladığım bir iş həyatımın bir parçasına çevriləcək, ruhumu qidalanadıracaq. Bu sənətə başlamağımın maraqlı xatirəsi var: adi bir mağazaya getmişdim, orada təsadüf nəticəsində yaşlı bir qadının xanduz tikmə növünə aid əsəri aldığının şahidi oldum. Mənim də diqqətimi çəkdi, bir əsər də mən aldım və evə gətirdim. Əsər güldanın içində qızılgüldən ibarət idi. Evə gələndən sonra fikirləşirdim ki, mən bu əsəri necə başlaya bilərəm, anamdan məsləhət aldım və o, mənə istiqamət verdi. Həmin gündən etibarən xanduz tikmə növü həyatımın bir parçası oldu”.
“Azərbaycan dilində bir kitab belə yoxdur”
Zərifə Zülfüqarova vurğulayıb ki, bu sənət növü olduqca diqqət tələb edir: “Bu tikmə növü üzərində 10 saata qədər məşğul olduğum zaman olub. Mən xanduz tikmə növü ilə məşğul olarkən yeni əsərlər yaratmaqla yanaşı mənəvi rahatlıq tapıram. Xanduz tikmə növündə parça vasitəsilə məmulat üzərində naxış salınır. Bunun üçün usta əvvəl şəbəkəli parçanı qasnağa kip keçirilmiş məxmər, atlas, ağ, kətan və s. növ parça üzərinə qoyur və əlində olan hazır naxışlı nümunəyə baxaraq rəngli saplarla say hesabı işləməyə başlayır. Xanduz tikmə növünə aid dünya muzeylərində sərgilənən əsərləri mən də işləmişəm. Moskvada Tretyakov Qalereyasında sərgilənən əsərlərdən - rəssam Tropininin eyniadlı rəsm əsərinin motivi əsasında çəkilən "Krujeva toxuyan qadın" və Şişkinin eyniadlı rəsm əsərinin motivi əsasında çəkilən "Şam meşəsinin səhəri"ni mən də işləmişəm”.
Müsahibimiz xanduz tikmə növü üzrə kitab yazmağı düşündüyü söyləyib: “Qeyd etdiyim kimi xanduz tikmə növünün tarixi qədimdir. Mən də bu sənət növünün unudulmaması üçün çalışıram. Rus dilində xanduz tikmə növündən bəhs edən kitablar kifayət qədərdir, amma Azərbaycan dilində yoxdur. Bu sənət növü Çində meydana gəlib. Hətta Ginnesin Rekordlar Kitabında xanduz tikmə növünə aid əsərlər çinlilərə aiddir. Bu tikmə növü çox əmək sərf edən sənətdir. Bunu heç bir texnika ilə müqayisə etmək mümkün deyil”.
İndiyədək 100-ə yaxın xanduz tikmə növünə aid əsərləri olan Zərifə Zülfüqarovanın iyunun 6-da Milli Xalça Muzeyində sərgisi keçiriləcək.
“Bəzən deyirlər ki, niyə bu qədər tikirsən?”
“”Qəlbin naxışları” adlanan sərginin adı da məxsusi seçilib. Çox diqqət tələb edən sənətdir. İnsan bütün fikrini bu sənətə verir. Heç bir sənət əsərimi satmamışam, əsərlər üzərində çox həssaslıqla işləmişəm, bütün hisslərimi onlara vermişəm. Mənə elə gəlir ki, əsərlərim məni məndən yaxşı tanıyırlar. İnsanın sevincli və kədərli vaxtları olur. Sevincli vaxtlarımda zövqlə, kədərli vaxtlarımda onlara sığal çəkərək işləmişəm. Mən xanduz tikmə növündə mənəvi rahatlıq tapdım. Elə zamanlar olub ki, gecə yata bilməyib əl işlərimlə məşğul olmuşam. Bəzən deyirlər ki, niyə bu qədər tikirsən, yaxud təqaüddə darıxırıq, sən nə edirsən...Mənsə, bu sənətdən zövq alıram. Heç zaman haradan gəlib-keçir hiss etmirəm. Hər bir əsərim mənə o qədər əzizdir ki... Hətta övladlarım da bu sənət növünü bacarırlar. Qız nəvələrim də tikməyi xoşlayırlar. Elə vaxt olur ki, eyni anda iki-üç iş götürürəm. Birindən yorulanda başqa işə keçirəm. Hələ əsərlərimi heç kimə hədiyyə etməmişəm. Sözsüz ki, övladlarım, nəvələrim hansı əsərlərimi istəsələr, yadigar kimi onlara bağışlayacam. Eləcə də əsərlərimi mənə əziz olan insanlara və bu tikmə növünə dəyər verənlərə də hədiyyə etmək mənə zövq verər. Düşünürəm ki, mənim üçün əsərlərimi hədiyyə etmək satmaqdan daha dəyərlidir”, - deyə qeyd edib.
“Qarabağa həsr edilən əsərlər üzərində çalışacağam”
O, sərgidən sonra kiçik emalatxana açmaq istədiyini bildirib: “Vyanada olanda xanduz tikmə növünün hazırlandığı kiçik emalatxaya getmişəm. Oradan maraqlı çantalar da almışam. Onlar fərqli texnika ilə işləyirlər. Azərbaycanda xanduz tikmə növündə hazılanan sənət əsərlərinin ölçüsü 18 kanvadan böyük olmur. Ölkəmizdə bu tikmə növündə əl işləri əsasən 18-16-14-12 ölçüdə tikilir. Avropada lupalarla hətta 40 kanvada işləyirlər. Mən sapları Avropanın bir neçə ölkəsindən və İsveçrədən gətizdirirəm. Çünki oradan gətirilən saplar daha keyfiyyətli olur. Xanduz tikmə növü çox zəhmət tələb edir. Set şəklində şəkil, eskiz və sap olur. Əsər üzərində çox həssas işləmək lazımdır. Bu tikmə növündə kiçik səhv əsəri məhv edə bilər. Əvvəlcə parçanın ortasından ölçülər götürülür, ondan sonra işə başlanılır. Elə əsər var ki, dörd ay vaxt sərf edirəm. Öncə dediyim kimi eyni vaxtda iki-üç işi götürürəm. Kiçik əl işlərini iki-üç gün ərzində də bitirə bilirəm. 65 illik yubileyimdə ilk dəfə Milli Xalça Muzeyində sərgim baş tutacaq. Bu muzeydə xanduz tikmə növünə aid nümunələri var. MDB və Avropanın bir çox ölkələrində bu tikiş növlərindən istifadə olunur. Bu tikiş növünün unudulmaması və inkişafı üçün çalışmalıyıq. Düzdür, gəlirli sahə deyil. Amma hazırda əl əməyi daha qiymətlidir”.
Zərifə Zülfüqarova gələcəkdə Şuşa, Qarabağa həsr edilən əsərlər üzərində çalışacağını vurğulayıb: “Mən də bu tikmə növünün unudulmaması və yaddan çıxmaması üçün əlimdən gələni edəcəyəm. Əl işlərində milli ornamentlərdən istifadə ediləcək”.
O, sənətə qiymət verən hər kəsi sərgiyə dəvət edib: “İlk sərgim olduğu üçün həyəcanlıyam. Sərgidə hər kəs iştirak edə bilər, açıq qapıdır. Sərgi iyunun 6-da saat 16:00-da baş tutacaq. Eləcə də iyunun 7-də əsərlərimin nümayişi davam edəcək. Bütün əzizlərimi və sənət sevərlərin sərgidə iştirakını arzu edirəm. Həyatımda ən əlamətdar günlərdəndir, illərdir ərsəyə gətirdiyim və yalnız özümün seyr etdiyi əsərlərimi ictimaiyyətlə bölüşəcəyəm. Sevgi və həssalıqla çalışdığım əsərlər ümid edirəm hər kəs tərəfindən bəyəniləcək. Sərginin ərsəyə gəlməsində mənə dəstək olduqları üçün öncə ailəmə təşəkkür edirəm. Eyni zamanda Milli Xalça Muzeyinin rəhbəri Əminə Məlikova və onun bütün kollektivinə, Mədəniyyət Nazirliyinin rəhbərliyi və Mənzər xanıma təşəkkürümü bildirirəm”.