Avqustun 24-də, Ukraynanın Müstəqillik Günündə Moskva və Kiyev arasında əsirlərin növbəti mübadiləsi aparılıb. 115 ukraynalı Rusiya əsirliyindən azad olunub.
Bu barədə QÜTB.AZ Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram”dakı paylaşımına istinadla xəbər verir.
Dövlət başçısı qeyd edib ki, azad olunanlar arasında Milli Qvardiya, Silahlı Qüvvələr, Hərbi-Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin döyüşçüləri var. Mübadilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə baş tutub.
“Mübadilə fondumuza töhfə verən hər bir bölməyə təşəkkür edirəm. Bu, hərbçilərimizin və mülki şəxslərin Rusiya əsirliyindən azad edilməsini yaxınlaşdırır. İnsanların evə qayıtmasına görə komandamıza və tərəfdaşlarımıza, BƏƏ-yə təşəkkür edirik”, - deyə Zelenski əlavə edib.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi 115 rusiyalı hərbi qulluqçusunun qayıtması barədə məlumat verib.