Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə qalan vaxt daraldıqca, İstanbul və Ankara Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədlik ətrafında çəkişmələr qızışır.
CHP-nin bu anlamda problemi yoxdur. İstanbul və Ankara Böyük Şəhər Bələdiyyələrinin CHP-dən olan sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaş seçkinin favoritləridir.
Prezident Rəcəb Tayyib Ərdoğan ötən bazar günü AKP-nin 11 şəhər, 15 vilayət bələdiyyəsi sədrliyinə namizədlərin adlarını açıqlayıb. İstanbulda İmamoğluna qarşı AKP-ni deputat Murad Kurum təmsil edəcək.
Ankara Böyük Şəhər Bələdiyyəsi sədrliyinə AKP-nin namizədinin adı yanvarın 15-də rəsmən açıqlanacaq. İddialılar arasında Turqut Altınokun adı önə çıxır. Keçiörən Bələdiyyə Başçısı T.Altınok evlidir və 4 övladı var.
O, 1957-ci ildə Ankarada dünyaya gəlib. Böyük Birlik Partiyasından 30 Mart 2014-cü ildə bələdiyyə seçkilərində Keçiören bələdiyyə başçılığına namizəd olsa da, seçkini uduzub.1957-ci ildə Ankaranın Bala rayonunun Aşıkoğlu məhəlləsində anadan olan Turqut Altınok Keçiörən Fevzi Atlıoğlu ibtidai məktəbində, orta təhsilini Keçiörən Kalaba Liseyində oxuyub.
Gəncliyində Ülkü Ocaqlarında siyasi fəaliyyətə başlayan T.Altınok 25 yaşında Millətçi Fəhlə Partiyasının (indiki MHP-nin sələfi) Keçiörən rayon şöbəsi sədrliyinə, daha sonra Ankara vilayət şöbəsi sədrliyinə və Mərkəzi İdarə Heyətinə üzv seçilib. 12 sentyabr çevrilişindən sonra Millətçi Hərəkat Partiyasının baş katibi vəzifəsinə yüksələn Altınok 30 mart 1994-cü ildə Türkiyədə keçirilən yerli seçkilərdə Keçiören bələdiyyə başçısı seçilib. Partiyasından istefa verib və 18 aprel 1999-cu ildə Türkiyədə keçirilən yerli seçkilərə Fəzilət Partiyasından Keçiörən Bələdiyyə Başçısı seçilib.
28 Fevral prosesi nəticəsində Fəzilet Partiyası bağlandıqdan və sonra Abdullah Gülün rəhbərlik etdiyi yenilikçi qanadı ilə birlikdə AK Partiyanın qurucuları arasında yer alıb və yenidən bələdiyyə sədri seçilib. 28 mart 2004-cü il Türkiyə yerli seçkilərində AK Partiyadan yenidən Keçiörən bələdiyyə sədri seçilib. 29 Mart 2009-cu ildə Türkiyədə keçirilən yerli seçkilərdə hazırkı Ankara Böyükşəhər Bələdiyyə Başçısı Melih Gökçeklə birlikdə girdiyi böyük şəhər namizədliyi yarışında uduzub. 30 mart 2014-cü ildə Böyük Birlik Partiyasında eyni posta namizəd olub.
Altınokun Azərbaycanla bağlantıları diqqət çəkir. Bu arada Türkiyə mediasında yayılan xəbərlərə görə, 1957-ci il təvəllüdlü T.Altınok 40 yaşından sonra, 1997-ci ildə Bakıda qurulmuş Azərbaycan Beynəlxalq Universitetini (ABU) bitirib. Diqqət buna da cəlb edilir ki, “sınav gerekmeden para ile gidip kayıt oluna” bilinən ABU 2010-cu ildə bağlanıb.
Türkiyə-Azərbaycan əlaqələrinə verdiyi töhfələrə görə Azərbaycan Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən fəxri doktor adına layiq görülüb.
Deyildiyi kimi hüquq təhsilini Azərbaycanda alıb. Amma təhsil aldığı ali məktəb Elşad Abdullayevin ABU-su idi, onunsa diplomları heç Azərbaycan tərəfindən də tanınmırdı.
2009-cu ildə Türkiyədəki bələdiyyə seçkiləri ərəfəsində də onun adı bizim mediada hallanmışdı. Xatırladırıq ki, həmin seçki ərəfəsində AKP-dən Keçiörən bələdiyyə sədrliyinə namizəd T.Altınokla bağlı qalmaqal baş vermişdi. Altınok bu seçkilərdə Ankara meri olmaq üçün namizədliyini verdikdən onun seks görüntüləri internetdə yayılmışdı. T.Altınok bu görüntülərin yayılmasında ozamankı mer Melih Gökçəki və onun bizneslə məşğul olan oğlu Osmanı günahlandırırdı. Azərbaycan KİV-ləri iddia edirdilər ki, nəticədə T.Altınok namizədliyini geri götürməyə məcbur olub və uzun müddətdir intriqalarda olduğu Ankara bələdiyyə sədri ilə haqq-hesab çəkməyi qərara alıb. O, görüntüləri yayan Osman Gökçəki ayağından tapança ilə vurub. Lakin bu hadisə Gökçəkin seçki kampaniyasına zərbə vura biləcəyinə görə gizli saxlanılıb, hadisəni gizlətmək üçün Gökçəkin oğlu Osman Gökçək Türkiyədəki xəstəxanalara da yerləşdirilməyib. Onu gizli şəkildə əvvəlcə Dubaya, 4 gün sonra isə Bakıya gətirib, buradakı xəstəxanaların birinə yerləşdiriblər (24.12.2013).
Hazırladı: C.Quliyev