Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinə qarşı genişmiqyaslı quru əməliyyatı keçirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.
“İlk olaraq “Pençe-Kilit” əməliyyatının həyata keçirildiyi bölgədə genişmiqyaslı quru əməliyyatı keçiriləcək. Əməliyyatdan əvvəl İraqın mərkəzi administrasiyası və Bərzani ailəsinin nəzarətində olan Ərbil rəhbərliyi ilə razılıq əldə edilib”, - köşə yazarı Abdulkadir Selvi yazıb.
Nəşr qeyd edir ki, Ankara bu əməliyyatla İraqla sərhədin bütün 378 kilometrini kürdlərdən təmizləməyi hədəfləyir.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara yayda İraqla sərhəd təhlükəsizliyi məsələsini həll etməyi gözləyir. Onun sözlərinə görə, Türkiyə tərəfi də Suriyada 30-40 km dərinlikdə təhlükəsizlik dəhlizi yaratmağa çalışır.
PKK terrorçuları ilə silahlı münaqişə Türkiyədə 2015-ci ildə yenidən başlayıb. Şimali İraqda PKK bazaları var ki, Türkiyə Silahlı Qüvvələri onlara qarşı hava və quru əməliyyatları aparır.