ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp seçkilərdə dəstək qarşılığında kiçik Robert Kennediyə administrasiyasında yüksək vəzifə təklif edib.
Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Kennediyə Trampın qalib gələcəyi təqdirdə gələcək administrasiyada sağlamlıq və tibb məsələləri ilə bağlı yüksək vəzifə tutması təklif olunub.
Qeyd olunub ki, iyulun 13-də keçirilən mitinqdə sui-qəsd cəhdinə məruz qalan Tramp bir neçə saat sonra Kennedi ilə danışıqlar aparıb.
Kiçik Kennedi nəşrə Trampla danışdığını təsdiqləsə də, bu söhbətin məzmununa toxunmayıb. Siyasətçi seçki kampaniyasını davam etdirmək niyyətində olduğunu vurğulayıb:
“Mənimlə əlaqə saxladığı üçün prezident Trampa böyük hörmətim var. 18 ay ərzində Demokratik Milli Komitədən nə yüksək, nə də aşağı vəzifəli heç kim mənimlə əlaqə saxlamayıb”.
Qeyd edək ki, Kennedi müstəqil namizəd kimi dövlət başçısı postuna iddialıdır.