ABŞ prezidentliyinə namizədliyini irəli sürən respublikaçı Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Vaşinqtonun NATO müttəfiqlərinə verdiyi kəşfiyyat məlumatlarının həcmini azaltmaq imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, hazırda məlumatların təqdim olunduğu ölkələr Ukraynanın Rusiyaya müqavimət göstərməsinə kömək edən informasiyaları almaq üçün ABŞ-dan asılıdır.
Məqalədə vurğulanır ki, kəşfiyyat məlumatlarının azalmasının xüsusilə Ukrayna üçün təhlükəli nəticələri ola bilər.
Qəzetin mənbələri qeyd edib ki, Trampın müşavirləri ABŞ-ın NATO üzrə müttəfiqlərinin nümayəndələrinə məlumat ötürülmələrinin məhdudlaşdırılmasının Vaşinqtonla alyans arasında dəstək və əməkdaşlığı azaltmaq üçün daha geniş planın bir hissəsi olacağını deyiblər.
“Politico”nun yazdığına görə, Birləşmiş Ştatlar son illərdə NATO müttəfiqlərinə Rusiyanın Ukraynadakı hərəkətləri, o cümlədən hərbi manevrləri və taktiki hərəkətləri haqqında mühüm məlumatlar verib.
Cəmilə