Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə QÜTB.AZ-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.
Təlimin növbəti mərhələsində ərazidə komanda məntəqələrində qərargahın qərar qəbuletmə prosesi həyata keçirilib, təlim-döyüş tapşırığına uyğun komandir heyətinin məruzələri dinlənilib.
Yekunda tank bölmələri ilə döyüş atışlı təlimin ssenarisinə əsasən, düşmənə yaxınlaşma, şərti düşmən hədəflərinin hərəkətdə və yerindən məhv edilməsi üzrə tapşırıqlar icra olunub.
Təlimin keçirilməsində əsas diqqət tank bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, döyüşdə tank bölmələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinin təmin edilməsinə yönəldilib.