Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.
Onun sözlərinə görə, “Şahid” dronunun zərbəsinə tuş gəlmiş çoxmərtəbəli binanın dağıntıları altından 10 yaşlı oğlan və onun 8 yaşlı bacısının meyitləri çıxarılıb.
Daha öncə xilasedicilər uşaqların valideynlərinin, habelə 7 aylıq bacılarının meyitini tapmışdılar.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri xüsusən gecə və sutkanın erkən saatlarında Ukraynanın yaşayış məntəqələrini, o cümlədən kritik mülki infrastrukturunu mütəmadi atəşə tutur. Sözügedən hücumlar əsasən İran istehsalı “Şahid” dronları ilə həyata keçirilir.