21.07.25 | Bakı 28.03° C |
10:06:25
Lent :

Şuşa Qlobal Media Forumu strateji hədəflərinə çatmaqdadır

20 iyl 2025 20:00
GÜNDƏM
ads
Advertisement

“İyulun 19-da, milli mətbuatımızın 150 illiyi ərəfəsində Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda ənənəvi III Şuşa Qlobal Media Forumunun keçirilməsi böyük siyasi məna kəsb edir. Qlobal məsələlərin müzakirə olunduğu Media Forumun məhz Xankəndidə keçirilməsi Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvolu kimi xarakterizə olunmalıdır. Xankəndinin beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin mərkəzinə çevrilməsi dünyaya mesajdır”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Mehriban Vəliyeva bildirib. 

Onun sözlərinə görə, bu platformada müzakirə olunan mövzular – informasiya təhlükəsizliyi, süni intellekt dövründə medianın dayanıqlılığı və rəqəmsal suverenlik – aktual qlobal çağırışlardır: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub.Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması, milli media sisteminin inkişafı və rəqəmsal suverenliyin qorunması istiqamətində mühüm addımlar atılıb. Qlobal çağırışlara cavab olaraq Azərbaycanın informasiya məkanını süni intellekt və rəqəmsal texnologiyaların yeni imkanları ilə təchiz edilib. Forum informasiya dayanıqlılığı, media savadlılığı, dezinformasiyaya qarşı mübarizə və süni intellektin mediada tətbiqi kimi mühüm məsələlərin müzakirəsi olunduğu unikal platformadır. Forumda irəli sürülən təklif və təşəbbüslər, aparılan diskussiyalar Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.Çünki müasir dövlətin gücü təkcə onun iqtisadi və hərbi imkanları ilə ölçülmür. İnformasiya savaşındakı mövqeyi, ideoloji hazırlıq da burada mühüm əhəmiyyətə malikdir. Forum Azərbaycanın informasiya siyasətini daha da gücləndirəcək”.

Millət vəkili bildirdi ki, Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın mövqe və baxışlarını, xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi: “Daxili sabitlik, təhlükəsizlik və strateji planlama əsasında formalaşan inkişaf modelindən söz açan dövlət başçısı ölkəmizin mühüm coğrafi mövqedə yerləşməsinin doğurduğu risklər və avantajlara da toxundu. Azərbaycanın həm Avropa, həm də İslam dünyası ilə paralel əlaqələr saxlaması onu geosiyasi körpü statusuna yüksəldir. Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji rolu Forumda ön plana çəkildi. Azərbaycanın iqtisadi göstəricilərini Forum iştirakçılarının diqqətinə çatdıran ölkə başçısı bildirdi ki, xarici borcun ÜDM-dəki payının cəmi 6,9% olması, yoxsulluğun aşağı səviyyəsi və Qarabağda həyata keçirilən iri infrastruktur layihələri ölkənin strateji və davamlı inkişaf modelinin göstəriciləridir. Bu sabitlik Azərbaycanın beynəlxalq maliyyə institutları və təşkilatlarla əlaqələrini gücləndirir, ona diplomatik manevr imkanları verir.Həmçinin Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistik təchizat mərkəzi mövqeyini gücləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır. Ölkə başçısı Forum iştirakçıları ilə görüşündə həmçinin bildirib ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir. Ölkəmizin yaşıl gündəliyi çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyası artıq istismara verilib. Azərbaycan kömürdən istifadə etmir, elektrik enerjisi istehsal və istifadə edir. O cümlədən Günəş enerjisinin istehsalına başlanılıb. Bununla bağlı nəhəng enerji potensialı mövcuddur. Ölkə başçısının da qeyd etdiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda ilin hadisəsi oldu.

Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı qeyd etdi ki, Ermənistanın qeyri-konstruktiv yanaşması onu beynəlxalq dəhlizlərdən təcrid edə bilər. Forumdakı çıxışı zamanı Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Azərbaycanın və Ermənistanın sülhə doğru atdığı addımların təşviqində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. O, ABŞ Prezidentinin Cənubi Qafqazdakı prosesləri diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdi. Prezident çıxışında regional sabitlik üçün sülh müqaviləsinin vacibliyini önə çəkdi. Bildirdi ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi vacibdir. 

Dövlət başçısı, həmçinin Rusiya ilə Avropa İttifaqı arasında yaranan qaz böhranına toxunaraq Azərbaycanın enerji siyasətinin siyasi alətə çevrilmədiyini, tamamilə kommersiya prinsipləri üzərində qurulduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycan heç vaxt Rusiya ilə rəqabətə can atmayıb və qaz tədarükünü siyasi təzyiq vasitəsinə çevirməyib.

Prezident Forumda AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulmasına dair suala ətraflı cavab Verdi. Bildirdi ki, bu hadisə ilə bağlı Rusiya tərəfi hələ də rəsmi cavab verməyib. Azərbaycan tərəfi hadisənin təfərrüatını bilir və üç mühüm tələbləri var. Bunlar hadisənin etiraf edilməsi, günahkarların cəzalandırılması və təzminatın ödənilməsindən ibarətdir. Yeddi ay ərzində Kreml bu istiqamətdə heç bir müsbət addım atmadığı üçün ölkəmiz məsələni beynəlxalq hüquq müstəvisinə daşımaq məcburiyyəti qarşısında qalıb”. 

Mehriban Vəliyeva onu da qeyd etdi ki, III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq sistemdə təşəbbüskar aktor statusunda olduğunu nümayiş etdirdi: “Bu forumda Azərbaycanın dünyada artan yumşaq gücünü görməmək mümkün deyil. Müzakirə olunan actual məsələlərin qlobal xarakter daşıması, prezidentin cəsarətli açıqlamaları forumu beynəlxalq media üçün daha cəlbedici edir. Cənab prezidentin Ukrayna xalqına məsləhəti – “heç vaxt işğalla barışmayın, heç vaxt təslim olmayın” mesajı aparıcı beynəlxalq media orqanlarının əsas xəbərinə çevrildi. Forumda müzakirə olunan məsələlərin aktuallığı, səslənən fikirlərin, təşəbbüs və təkliflərin samballılığı bir daha göstərir ki, Azərbaycan bu gün təkcə regional deyil, qitələrarası fikir mübadiləsinin, enerji təhlükəsizliyinin və sülh təşəbbüslərinin yeni mərkəzidir”. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
28.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur