29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Səməd Vurğunun dəvəti ilə həyatı dəyişən şair: O, Moskvada təhsilini kimə görə yarımçıq qoyub?

20 fev 2024 12:00
GÜNDƏM
ads

Dost, qoca dünyada zirvə sözü var,

Ora nə ox çatar, nə güllə çatar.

Zirvələr önündə gücsüzdür düşmən,

Zirvə bir qaladır, zirvədəyəm mən,

XX əsr Azərbaycan poeziyasında özünəməxsus yeri olan Əliağa Kürçaylı çoxcəhətli yaradıcılığı ilə “şeirimizin ən uca və barlı-bəhərli budaqlarından" biri idi. Bu sözləri xalq şairi Rəsul Rza Əliağa Kürçaylı haqqında deyib bir zamanlar.

Böyük Səməd Vurğun isə - "Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” – deyirmiş .

Məncə, iki nəhəng şairdən bu fikirləri eşitmək, əslində Əliağa Kürçaylının kim olduğunun bariz nümunəsidir.

Publika.az xəbər verir ki, 20 fevral şair, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Əliağa Kürçaylının doğum günüdür.

Əliağa Kürçaylı 1928-ci ildə Salyan rayonu Kürqaraqaşlı kəndində anadan olub.

Doqquzuncu sinifdə məktəbi yarımçıq qoyub və Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb. Daha sonra Bakı Təbabət Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olub, sonra işini Rus Dram Teatrında eyni vəzifəyə dəyişib. Bu dövrdə onda poeziyaya güclü maraq oyanıb. 1947-ci ildə Səməd Vurğunun dəvəti ilə gənc yazıçıların I Respublika müşavirəsində iştirakı isə onun bütün həyatını dəyişib.

Səməd Vurğunun köməkliyi ilə Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olan şairi Maksim Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərsələr də, bir il sonra geri qayıdır. ADU-da təhsilini davam etdirir. Qorki adına Ədəbiyyat İnstitutunu yarımçıq qoymasının da maraqlı tarixçəsi var. Belə ki, şair Moskvanın havasına alışmadığını, səhhətinin Moskvada yaşamağa imkan vermədiyini desə də, həyat yoldaşı xatirələrində yazır ki, şair Moskvadakı təhsilindən məhz ona görə imtina edib:

“Əliağanın anası ölənədək deyirdi ki, oğlum sənə görə Moskvada təhsilini yarımçıq qoydu. Bu sözləri acıqla, incikliklə yox, nəvazişlə deyirdi: "Əliağa nigaran idi ki, o gələnədək səni kiməsə verərlər, ona görə qayıdıb gəldi”.

Yaşayım yüz il də, milyon da, min də,

Həyatım bitəcək həmin o gündə.

Sənin gözlərinin dərinliyində,

Boğulmaq istərəm, batmaq istərəm.

Şair ailə qurandan sonra ağır günləri çox olub. İki uşaqları olub. Birinci oğlu Ülfət, ikinci qızı Ülkər dünyaya gəlib. Kirayədə yaşayan ailə bir müddət maddi çətinliklərlə üzləşiblər.

Hər insan öz ömrünə

dost seçir, həmdəm seçir.

Mənimsə ürəyimdən

qəmli bir nisgil keçir,

Yadıma sən düşürsən.

Dramaturq kimi Əliağa Kürçaylının yaradıcılığı əsasən musiqili komediya teatrının repertuarı ilə bağlıdır. “İstədiyimi şeirlə ifadə edə bilməyəndə, komediya, yaxud pyes yazıram”, - deyən Əliağa Kürçaylının “Ləpələr”, “Nənəmin şahlıq quşu”, “Boşanaq, evlənərik” və başqa pyesləri indi də teatrlarımızın səhnəsində uğurla tamaşaya qoyulur.

Əliağa Kürçaylı təpədən dırnağacan şair idi və şair ömrü də yaşadı. O, sənətdə, poeziyada şəxsiyyət idi. Yəqin ki, az adam bilir ki, Nəsiminin anadan olmasının 600 illik yubileyi ərəfəsində Xalq rəssamı Mikayıl Abdullayev dahi şairin portretini yaradarkən Əliağa Kürçaylının üz cizgilərindən yararlanıb. Əliağa Kürçaylı isə “Nəsimi” adlı şeirini böyük sənətkara ithaf edib.

Yaşadığı 51 il ərzində çox məhsuldar işləmiş, şeirə, sənətə ciddi münasibət bəsləyərək məhz poetik nümunələrə, əsl ədəbi əsərlərə imza atmışdı. Əliağa Kürçaylı elə bir dövrdə bədii yaradıcılığa başlayıb ki, ədəbi mühitdə Mehdi Hüseyn, Qulu Xəlilov, Yaşar Qarayev kimi sərt tənqidçilərlə bərabər məşhur şairlər də var idi. Lakin yaradıcılıq dünyasına dərindən bələdçilik, anadangəlmə istedad, geniş dünyagörüş, daim öz üzərində işləmək Əliağa Kürçaylını çoxundan fərqləndirə bildi. Tənqidçilər indi də onun haqqında belə deyirlər: “Əliağa Kürçaylı bir şair kimi dünənin, bu günün deyil, sabahın da ən böyük şairlərindən biri olaraq daima yaşayacaq”.

“Günlərin bir günü hökmən ən yaxşı şeirimi yazacağam”. Əliağa Kürçaylı bu sözləri deyəndə 40 yaşı vardı. O kifayət qədər tanınır və sevilirdi. Təbiət, məhəbbət lirikası, incə, səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər də adlandırırlar. Kürçaylının şeirləri öz lirik tempinə, axarına və ritmik melodik xüsusiyyətlərinə görə nəğmə janrına yaxındır. Ona görə də şeirləri mahnılara çevrilib qanadlanır. Üstündən 30 ildən çox keçməsinə baxmayaraq “Yadıma sən düşürsən”, “Belə ola həmişə”, “Heç xəbərin yoxdur sənin”, “Səslə məni” mahnıları bu gün də eyni sevgi ilə dinlənilir.

Bircə yol verilir ömür insana,

Tapılmış pul kimi baxma sən ona,

Ya çatdır kişitək bu ömrü sona,

Ya dalda yer ara, ayaqda yaşa!

Ömrünü bir cürə keçirir hərə,

Yüzü də yaşayır bəzən boş yerə,

Sən də qartal kimi ucal göylərə,

Ya sürün ilantək, torpaqda yaşa!

Ömrünün sonunacan Əliağa Kürçaylı işıq içində, poeziya işığının içində üzdü. Çağdaş Azərbaycan poeziyasında nə o bir kimsəyə bənzədi, nə bir kimsə ona bənzədi. Əliağa Kürçaylının ədəbi mühitdə ləqəbi "qırmızı" olub. Çünki qırmızı danışırmış, həm də yanağı qırmızı olub.Şair xərçəng xəstəlikdən əziyyət çəkirdi. Əliağa Kürçaylı 1980-ci il, fevralın 11-də, 51 yaşında vəfat edib.

“Seçilmiş əsərlər”inə müqəddimədə Əliağa Kürçaylı yazırdı: “Yaşasın poeziya!” Şair, əsl şair kimi Əliağa Kürçaylı bilirdi ki, əsl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək, o da yaşayacaq.

Cəmilə Hətəmxanova


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur